Avstraliyada milyonlarla pişik məhv edilir
Avstraliya hökuməti 2020-ci ilə qədər ölkənin ekosisteminə zərər vuran 2 milyon vəhşi pişiyi məhv etməyi planlaşdırır.
Bu barədə The Sun məlumat yayıb.
2015-ci ildən hökumət vəhşi pişiklərin kütləvi qətliyamına başlayıb. Mütəxəssislərin fikrinə görə, vəhşi pişiklər 27 növ gəmiricinin nəslinin kəsilməsinə səbəb ola bilər.
Pert şəhərindəki fabriklərdən birində hazırlanan xüsusi zəhər kolbasaların içinə yerləşdirilərək pişiklərin yayıldığı ərazilərə havadan səpilir. Zəhər 15 dəqiqə ərzində öldürücü təsir göstərir. Üstəlik helikopterlə ova çıxan ovçular da pişik sürülərini məhv edirlər.
Bir çox məşhurlar, o cümlədən heyvansevərlər bu aksiyaya qarşı öz etirazlarını bildiriblər.
Öz unikal təbiəti ilə fərqlənən Avstraliyada hökumət rəsmiləri hesab edirlər ki, təbiətə zərər verən hər şey təhlükəlidir və aradan qaldırılmalıdır. Ölkənin ətraf mühitin mühafizəsi naziri Coş Fridenberq bildirib ki, vəhşi pişiklər ölkənin ekosistemi üçün çox böyük təhlükə kəsb edirlər.
Ötən il Zambiya hökuməti də iki min begemotun məhv edilməsinə qərar vermişdi.
Mənbə:> Oxu.Az