Qazaxlar etiraz edirlər - Astananın adı dəyişdirilməsin
Gopetition.com saytında Qazaxıstanın paytaxtı Astanın ölkənin birinci prezidenti Nursultan Nazarbayevin adına dəyişdirilməməsinə dair petisiya yerləşdirilib.
Petisiya martın 20-də saytda yerləşdirilib və onu qısa müddətdə çox sayda insan imzalayıb.
Bakı vaxtı ilə saat 18:50-yə qədər petisiyanı 10 mindən çox insan imzalayıb, saat 20:00-da isə bu rəqəm 13,6 minə çatıb.
“Biz, Qazaxıstan Respublikasının vətəndaşları, paytaxt, rayon və kənd sakinləri, hər bir vətəndaşın azad söz və fikir hüququndan çıxaraq tələb edirik ki, Qazaxıstan Respublikasının paytaxtı Astana şəhəri Nursultan adı ilə dəyişdirilməsin”, - petisiyanın mətnində deyilir.
Petisiyanın müəllifləri qeyd ediblər ki, bir çox sahədə maliyyələşmənin defisiti olduğu halda, paytaxtın adının dəyişdirilməsi böyük büdcə vəsaitləri tələb edir - adi lövhələrdən başlayaraq, naviqasiya sistemləri və beynəlxalq sənədlərdə ad dəyişdirilməli olacaq.
Bundan əlavə, petisiyada qeyd olunur ki, Astana paytaxtın köçürülməsindən sonra formalaşan bir brenddir (1997-ci ildə Qazaxıstanın paytaxtı Almatıdan Akmoluya keçirilib, sonuncunun adı Astanaya dəyişdirilib), və bu brend bir müddət əvvəl beynəlxalq arenada tanınmağa başlayıb.
Müəlliflər həmçinin qeyd ediblər ki, bu məsələ bütün xalq ilə müzakirə olunmalıdır və qərar referendum vasitəsi ilə qəbul edilməlidir.
Xatırladaq ki, ölkə paytaxtı Astananın adını Nursultan Nazarbayevin adını daşıması ilə bağlı təkliflə Qazaxıstanın yeni prezidenti Kasım-Jomart Tokayev çıxış edib.
Baxmayaraq ki, Konstitusiyaya dəyişiklik referendum vasitəsi ilə edilməlidir, ölkə parlamenti elə həmin gün müvafiq dəyişiklikləri qəbul edib.
Mənbə:> Oxu.Az