Bakıda dönərdən zəhərlənən tələbələrdən xəbər var
Bakının Nərimanov rayonunda, Əhməd Rəcəbli küçəsi 21 ünvanında yerləşən “Köz dönər” kafesində dönər yeyən yeddi nəfər zəhərlənib.
Səhiyyə Nazirliyindən Oxu.Az-a verilən məlumata görə, həmin şəxslər Kliniki Tibbi Mərkəzə (KTM) aparılıb:
“Həmin şəxslərdən ikisi 18 yaşına çatmadığı üçün 2 saylı Əbülfəz Qarayev adına uşaq klinik xəstəxanasına yerləşdirilib. Beş nəfər isə KTM-in yoluxucu xəstəliklər şöbəsinə aparılıb. KTM-ə yerləşdirilən üç nəfər artıq evə buraxılıb”.
“Qalan xəstələrin ümumi vəziyyəti yaxşıdır. Zəhərlənənlərin həyati təhlükəsi yoxdur”, - deyə nazirlikdən qeyd edilib.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, məsələ ilə bağlı araşdırma aparılır:
“Sahibkarlıq subyektindən götürülən nümunələr laboratoriyalara təqdim olunub. Nəticələrlə bağlı ictimaiyyətə geniş məlumat veriləcək”.
Mənbə:> Oxu.Az