Nazirlik: İqlim dəyişmələri çaylarda su azalmasına səbəb olacaq
İqlim dəyişmələri nəticəsində Azərbaycanın çaylarında müəyyən faiz su azalması müşahidə ediləcək.
Oxu.Az-ın məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji siyasət şöbəsinin sektor müdiri Mütəllim Əbdülhəsənov jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, iqlim dəyişmələrinin istənilən halda həssas ərazilərə təsiri böyükdür:
“Azərbaycan iqlim dəyişmələrinin təsirinə məruz qalan ölkələr siyahısındadır. Təbii ki, su ehtiyatlarının azalmasına iqlim dəyişmələri təsir göstərir. Gələcəkdə bu öz təsirini göstərə bilər. Amma ölkəmizdə bu sahədə strategiyalar, milli proqramlar qəbul edilib.
İqlim dəyişmələri nəticəsində Azərbaycanın çaylarında müəyyən faiz su azalması müşahidə ediləcək. Bu gün də çaylarımızda suyun azalmasının təzahürlərini görürük”.
Mütəllim Əbdülhəsənov bildirib ki, bu gün suvarmaya istifadə edilən suyun 50 faizə qədəri itkiyə gedir:
“Dünyada damcılı, çiləmə suvarmadan istifadəyə keçirilir. Azərbaycanda da bu istiqamətdə addımlar atılır. Ölkəmizdə suyun 30 faizi daxili çaylar hesabına formalaşır, 70 faizi kənardan çirklənmiş halda gəlir. Biz buna hazır olmalıyıq”.
Umayra Tağıyeva: İqlim antropogen təzyiqlər nəticəsində kəskinləşir
“İqlim dəyişmələrinin içməli su ehtiyatlarının azalmasına səbəb olan təhdidlərinə qarşısını almaq üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən su anbarları tikirik. Taxtakörpü su anbarı, Tovuz su anbarı, Şəmkirçay su anbarlarının tikilməsi bu günün iqlim dəyişmələrindən yaranan fəsadlara yönəlib. Bu həm də qonşu ölkələrdən olan təhdidlərə qarşıdır. Sudan qənaətlə və lazım gələndə ondan təkrar istifadə edilməlidir.
Hövsanda böyük ərazini sudan təkrar istifadə edərək suvarırıq və bu böyük effekt verir. Bunun digər yerlərdə də tətbiqinə hazırlaşırıq. Salyan rayonunun Xıdırlı kəndində Şirvan kollektorunun suyundan təkrarən istifadə olunur və yaxşı nəticələr əldə edilir. Azərbaycanda su mənbələrindən 12 milyard kub metr su götürülür, onun 8 milyardı istehlakçılara verilir, 4 milyardı yolda, su kanallarında itir.
Bu sahədə suvarma sistemlərinin tam müasirləşdirilməməsi nəticəsində böyük itkilər yaşanır. Tullantı sularının təmizləyib dənizə atırıq, niyə atırıq, biz ondan istifadə edə bilərik.
Abşeronda kifayət qədər yaşıllaşdırılmalı ərazilərimiz var və bu sulardan istifadə oluna bilər. Biz Ələtə qədər yolu yaşıllaşdırmaq istəyirik, amma su yoxdur” – deyə, nazirlik rəsmisi bildirib.
Mənbə:> Oxu.Az