Fazil Mustafa: 23 fevralı məktəblərdə hansı qüvvə yenidən canlandırıb?
Məktəb uşaqlarına necə təbliğat aparıblarsa, neçə uşaqdan soruşuram, deyir ki, bu gün, yəni 23 fevral oğlanların bayramıdır. Bu uşaqların heç Sovetlər barədə, onun ordu və donanması barədə təsəvvürləri yoxdur. Sadəcə bu tarixi 8 Martdan öncə gələn oğlanlar bayramı kimi anladıblar.
Oxu.Az xəbər verir ki, bu sözləri millət vəkili Fazil Mustafa 23 fevralla bağlı tənqidi fikirlərini səsləndirərkən deyib.
“Yaşadığımız xeyli axmaq adətlərə İslam dini deyib illərlə, hətta indiyədək toplumu qandırdılar, millətimizə qan uddurmuş, cəhaləti qanımıza yeritmiş şəxsləri qəhrəman adı ilə yüzillərdir yaddaş menyumuza soxdular, biz isə mahiyyəti barədə düşünmədən razılaşdıq.
Doğrudanmı, məktəblərdə “oğlanların bayramı” deyəndə, heç olmasa, uşaqlara başa salan yoxdur ki, Sovet ordusunun yaranma günü əvəzinə 26 iyun Milli Ordumuzun yaranma gününü qeyd etsinlər? Mən uzun illər öncə qeyd olunan 23 fevral tarixini unutmuşam, bunu uşaqlarımız üçün, görəsən, hansı qüvvə yenidən canlandırıb?”, - deyə millət vəkili qeyd edib.
Məlumat üçün bildirək ki, 23 fevral Qızıl Ordunun və ya Sovet Hərbi Dəniz Donanmasının yaranması günü kimi qeyd olunurdu. Sovet dönəmində bu tarix “kişilər günü” kimi də qeyd edilib.
Mənbə:> Oxu.Az