Azərbaycanlı deputatın açıqlaması erməni mətbuatında Azərbaycan əleyhinə istifadə edildi – FOTO
Azərbaycanlı deputatın açıqlaması Ermənistan mətbuatında Azərbaycan əleyhinə istifadə edilib.
Oxu.Az-ın məlumatına görə, Panorama.am saytında millət vəkili Fazil Mustafadan sitat gətirilərək belə yazılıb: “Azərbaycan parlamentinin deputatı Fazil Mustafa hesab edir ki, hətta ən ideal tarix dərsliyi hazırkı şərtlərdə yenə plagiat olacaq. Ona görə ki, biz hələ özümüz öz tariximizi anlamamışıq. Biz öz tariximizə öz yanaşmamızı düzgün formalaşdıra bilməmişik. Keyfiyyətli dərslik üçün isə bu əsas şərtdir”.
Deputat Oxu.Az-a açıqlamasında bildirib ki, tarix dərslikləri ilə bağlı verdiyi açıqlaması ermənilər tərəfindən Azərbaycanın əleyhinə istifadə edilib.
F.Mustafa fikirlərinin təhrif olunmasında erməni mətbuatını deyil, açıqlama verdiyi sputnik.az saytının rus versiyasını günahlandırdı: “Öncə elə bildim ki, ermənilərin Panorama.am saytı rusca variantında tarix dərsliyi ilə bağlı 28 iyun 2017-ci il tarixdə açıqlanmış fikirlərimizi bilərəkdən təhrif edib. Bizim bir neçə gün öncə sputnik.az-ın rusca variantı ilə Azərbaycan dilindəki variantını müqayisəli şəkildə tutuşdurdum və anlaşıldı ki, bir mətnin rusca düzgün tərcümə olunmaması ermənilərin bundan dərhal yararlanması üçün fürsət yaradıb”.
İndi diqqətlə Sputnik.az-da tarix tərsliyinə münasibətlə bağlı gedən açıqlamanın azərbaycanca və rusca mətnlərini müqayisə edək: “Millət vəkili Fazil Mustafa Sputnik.az saytına açıqlamasında deyib ki, ən ideal tarix dərsliyi olsa belə, indiki şərtlərdə yenə plagiat olacaq: “Çünki biz hal-hazırda tarixi faktların hansının önə çəkilməsini, hansı tarixi ardıcıllıqla verməli olduğumuzu özümüz də bilmirik”. (Bu ifadə tərcümədə belə gedib: “...biz hələ də öz tariximizdən baş çıxara bilmirik”).
“Dərsliyə gəlincə, dərslik necə olmalıdır? Təbii ki, müəyyən mənbələrə əsaslanan faktlar əsasında olmalıdır. Bu mənbələr hər dəfə qeyd ediləndə kitabı oxuyan şagird üçün yorucu olur. Dərslik elmi əsər deyil ki, istinadlar yazılsın. Deməli, dərsliyin bu şərtlərlə yazılması normal haldır”, – deyə millət vəkili əlavə edib.
Deputatın bu fikirləri Sputnik.az saytının rusca variantında belə tərcümə edilib: “Fazil Mustafa, öz növbəsində, hesab edir ki, hətta ən ideal tarix dərlikyi belə hazırkı şərtlərdə yenə də plagiat olacaq, ona görə ki, biz hələ özümüz öz tariximizi anlamamışıq. “Biz öz tariximizə düzgün yanaşma, baxış formalaşdıra bilməmişik. Keyfiyyətli dərslik üçün isə bu birinci şərtdir”, - o, hesab edir. Onun fikrincə, dərslik hər şeydən əvvəl qeyd edilmiş mənbələrdəki faktlara əsaslanmalıdır. Lakin bu mənbələr hər dəfə qeyd ediləndə kitabı oxuyan şagird üçün yorucu olur. Dərslik elmi əsər deyil ki, istinadlar yazılsın”, - o deyib.
Fazil Mustafa belə bir halla qarşılaşmamaq üçün Azərbaycan mətbuatına daha diqqətli olmağı tövsiyə etdi: “Dəyərli jurnalist dostlarımızdan xahiş edirəm ki, hər hansı bir mətnin tərcümə variantına diqqətlə yanaşsınlar ki, bu cür təhriflər olmasın. Unutmayaq ki, düşmən mətbuatı bu cür təhriflərdən Azərbaycan əleyhinə istifadə etmək üçün fürsət gözləyir”.
Açıqlamanın azərbaycanca versiyası
Açıqlamanın rusca versiyası
Panorama.am saytında gedən yazı
Mənbə:> Oxu.Az / Zülfiyyə Qurbanova