18 yaşlı hamilə qadın bətnindəki körpəni öldürdü
Lənkəranda 18 yaşlı hamilə qadın dərman içərək bətnindəki 7 aylıq körpəsini öldürüb.
Faktı Səhiyyə Nazirliyinin mətbuat katibi Pərviz Abubəkirov təsdiqləyib.
Onun sözlərinə görə, qadın dünən-noyabrın 10-da gecə saatlarında Lənkəran Rayon Mərkəzi Xəstəxanasının doğum şöbəsinə gətirilib. Doğuşdan dərhal sonra körpə ölüb, qadın körpənin ölməsi üçün dərman içdiyini etiraf edib. “Qadın bildirib ki, ultrasəs müayinəsi olunub və ona uşağın xəstə doğulacağı bildirilib. Guya buna görə də körpəni öldürmək qərarına gəlib”,-Abubəkirov söyləyib.
Hazırda qadının səhhəti normaldır və artıq evə buraxılıb.
Sayt dəqiqləşdirib ki, 2000-ci il təvəllüdlü Xədicə Bəşirova onu xəstəxanaya gətirənin baldızı olduğunu söyləsə də, araşdırma zamanı yalan danışdığı müəyyən olunub. “Guman edilir ki, uşaq nikahdankənar olub, buna görə də qadın onu öldürmək qərarına gəlib. UZİ müayinəsinin cavabı təqdim edilməyib, qadın hansı xəstəxanada müayinədən keçdiyini, uşağın xəstə olduğunu söyləyən həkimin adını, uşağın diaqnozunu guya xatırlamayıb”, -adını söyləmək istəməyən xəstəxana əməkdaşlarından biri deyib.
Faktla bağlı Lənkəran Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır, meyit müayinə olunması üçün məhkəmə-tibbi ekspertizaya təqdim edilib.
Mənbə:> Virtualaz.org