Boru partladı, bir həftədir sakinlər su üzünə həsrətdir
Bakının Xətai rayonu, Naximov küçəsində 37 saylı binanın yaxınlığında su borusu partlayıb, 1 həftədir içməli su küçəyə axır.
Bu barədə virtualaz.org-a sakinlər məlumat veriblər. Sakinlərdən Artik Fətəliyev deyir ki, “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin “qaynar xətt” xidmətinə, eləcə də Xətai rayon Sukanal İdarəsinə müraciət ediblər, amma nəticəsi olmayıb. “Guya ki, baxış keçirdilər, tədbir görüldü. Su təzyiqlə verildiyindən mövcud borular tab gətirmir. Axı içməli su dövlət sərvətidir, suyun günlərlə küçəyə axıdılmasına göz yummaq olmaz”, - şikayətçi deyir.
Sakinlər küçədən çəkdikləri kadrları sayta təqdim ediblər. Görüntülərdən bəlli olur ki, təzyiqlə axan suyun qarşısını almaq üçün boruya taxta parçaları salınıb, su küçədə iri gölməçələr yaradıb.
“Azərsu” ASC-nin mətbuat katibi Anar Cəbrayıllı bildirib ki, sakinlərin şikayəti araşdırılıb, tədbir görüləcək.
Mənbə:> Virtualaz.org