250 sərnişin göydə dəhşət yaşadı
Türk Hava Yollarına (THY) məxsus təyyarələrdən biri yüngül qəza keçirib.
ANS PRESS-in məlumatına görə, THY-nin TK-2326 nömrəli A-330 tipli sərnişin təyyarəsi ötən gün axşam saatlarında İstanbuldan İzmir istiqamətinə uçarkən problemlə üzləşib. Atatürk hava limanından səmaya qalxan təyyarə bir müddət sonra böyük bir quş sürüsü ilə toqquşub.
İçərisində 250 sərnişin olan təyyarədə qısa müddətlik qorxu dolu anlar yaşanıb. Pilot dərhal hava limanına xəbər verərək, texniki nasazlıqla üzləşdiyi üçün geri qayıtmalı olduğunu deyib.
Çox keçmədən təyyarə Atatürk hava limanına eniş edib. Sərnişinlər çıxarıldıqdan sonra təyyarə anqara aparılıb.
Təyyarəyə baxış zamanı müəyyən edilib ki, sağ mühərrikə zərər dəyib. Həmin təlaş keçirən sərnişinlər isə növbəti saatda başqa bir təyyarə ilə səfərlərini reallaşdırıblar.
Mənbə:> ANSPRESS