Təhsil eksperti: Məktəblərdə rus bölməsi ləğv olunmalıdır » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Təhsil

Təhsil eksperti: Məktəblərdə rus bölməsi ləğv olunmalıdır – FOTO

Təhsil eksperti: Məktəblərdə rus bölməsi ləğv olunmalıdır


Bir neçə gündür ki, mətbuatda Azərbaycan məktəblərində rus bölməsinin pullu olması barədə təkliflər səsləndirirlər.

Məsələ barədə təhsil ekspertlərinin fikirlərini öyrəndik.

Oxu.Az-a danışan təhsil üzrə ekspert Nadir İsrafilov bildirib ki, rus bölməsi ləğv olunmalıdır:

“Respublikamız müstəqillik qazandıqdan sonra bir vaxtlar “ikinci dilimiz” sayılan rus dilinin xarici dillər qrupuna daxil edilməsi və bu dilin öyrənilməsi üçün tədris planları ilə nəzərdə tutulmuş dərs saatlarının formal keçirilməsi, bəzi məktəblərdə isə, ümumiyyətlə, keçilməməsi rus dilinə qarşı ictimai rəyin dəyişməsinə də təsirsiz ötüşmədi.

Ölkəmizdə birmənalı şəkildə ana dilində təhsil məcburi və alternativsiz olmalı, rus bölməsi ləğv olunmalı, rus dili xarici dil kimi tədris edilməlidir. Əks halda, dilin inkişafı üçün stimul, tələbat olmayacaq, onun inkişafı ləngiyəcək”.

Ekspertin sözlərinə görə, dövlət büdcəmizdən maliyyələşən məktəblərdə rus dili ancaq xarici dil kimi öyrədilməlidir:

“Rusdilli təhsil verən məktəblər ancaq özəl ola bilər. Kimin pulu və həvəsi varsa, belə məktəb aça bilər. Hətta Rusiyanın maliyyələşdirdiyi məktəb ola bilər, problem deyil. Amma dövlətimizin büdcəsindən maliyyələşən məktəblərdə təhsil ancaq dövlətimizin rəsmi dilində olmalıdır”.

Təhsil eksperti: Məktəblərdə rus bölməsi ləğv olunmalıdır



Bəs, məktəblərdə rus dili bölməsi pullu olarsa, bu, nəyi dəyişəcək?

Nadir İsrafilov qeyd edib ki, dövlət ali təhsil müəssisələrimizin 80 faizə qədəri ödənişlidir:

“Ali təhsilə maraq azalıb, ya hansı özəl orta məktəbimiz, liseyimiz, gimnaziyamız, pullu hazırlıq kurslarımız “müştərisiz” qalıb? Bəlkə, bunun başlıca səbəbi Azərbaycan bölməsində tədrisin səviyyəsinin valideynləri lazımınca qane etməməsidir?

Bəlkə, səbəb öz ana dilimizdə kifayət qədər tələb olunan ədəbiyyatın olmaması, mövcud tərcümələrin qüsurlu olması, rus dilində olan ədəbiyyatların hələ də dominantlıq etməsidir?

Bəlkə, rus bölməsilə müqayisədə azərbaycan bölməsindəki müəllimlərimizin peşəkarlıq səviyyəsi qaneedici deyil? Bunun əsas və başlıca səbəblərindən biri bir çox elit ailələrin dəb xatirinə ailədə rus dilində danışmağa üstünlük verməsidir. Vəziyyət bir çox təbii və süni proseslərin ciddi araşdırılmasını tələb edir.

Azərbaycan çoxmillətli ölkədir. Qanunvericiliyimizə əsasən, valideynlər övladları üçün dil seçimini etməkdə sərbəstdirlər. Bəli, son 5-10 ildə xüsusilə Bakıda ümumi təhsil məktəblərinin rus bölməsinə maraq xeyli artıb. Bu, o deməkdirmi ki, rus dilinə nifrət hissi aşılayasan, bunun üçün müxtəlif üsul və vasitələrə əl atasan?

Bizim mədəniyyət və incəsənətimizin inkişafında, elmi-siyasi kadrlarımızın yetişməsində və digər sahələrin formalaşdırılmasında rus dilinin rolunu və müstəsna əhəmiyyətini inkar etmək ən yaxşı halda ədalətsizlikdən başqa bir şey olmazdı.

Azərbaycan dili bizim dövlət dilimizdir və bu dili hamı bilməlidir. Təlimi rus dilində olan məktəblərdə Azərbaycan dilinin tədrisinin zəifliyi isə heç də o demək deyil ki, bunun səbəbkarı məhz rus dilidir. Dünyanın hər bir ölkəsində müxtəlif dillərdə təlim məktəbləri var”.

Təhsil üzrə ekspert Kamran Əsədov isə bildirib ki, “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, dövlət təhsil müəssisələrində hər bir təhsilalan pulsuz ümumi təhsil almaq hüququna malikdir:

“Dövlət оrta iхtisas təhsilində və ali təhsilin hər bir səviyyəsində qanunvericiliyə uyğun оlaraq təhsilalanların yalnız bir dəfə pulsuz təhsil almaq hüququnu təmin edir. Bu şagirdlərin təhsil bölməsindən asılı olmayaraq, həyata keçirilir.

Bu təklif ona görə irəli sürülür ki, son illərdə rus bölməsində təhsilə ciddi maraq oyanıb. Rus bölməsini pullu etməklə yaranmış sıxlığın aradan qaldırılmasını gözləmək sadəlöhvlük olardı. Bu, birincisi, vətəndaşların hüquqlarının pozulmasıdır. Çünki maddi vəziyyəti aşağı olan ailələrin övladları bu təhsildən məhrum olacaqlar. İkincisi, bu, daha ciddi sıxlığa gətirib çıxara bilər. Çünki ödənişli təhsildə hansısa say məhdudiyyəti tətbiq etmək olmaz”.

Təhsil eksperti: Məktəblərdə rus bölməsi ləğv olunmalıdır


Ekspert qeyd edib ki, hazırda ölkədə 340 orta məktəbdə tədris rus dilində aparılır:

“Bu, orta məktəblərin 7,6 faizində tədrisin rus dilində aparılması deməkdir. Ölkədə orta məktəblərin ümumi sayı 4472-dir. Tədrisin rus dilində aparıldığı 340 məktəbdə 90 min şagird rus dilində təhsil alır. Bu, ölkədə ümumən şagirdlərin 6,3 faizinin rus dilində təhsil alması deməkdir.

Azərbaycanda şagirdlərin ümumi sayı 1 milyon 416 min nəfərdir. Həmin şagirdlərin 450 mindən çoxu rus dilini xarici dil kimi öyrənir ki, bu da ölkə şagirdlərinin 32 faizi deməkdir. Ölkədə fəaliyyət göstərən ali təhsil müəssisələrində isə bütün ixtisasların 70 faizdən çoxu rus dilində də tədris olunur. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan ümumi təhsil müəssisələrindən 141-də tədris Azərbaycan dili ilə yanaşı, rus dilində aparılır.

Sıxlığın və valideyinlərin rus bölməsinə getməsinin qarşısını almaq üçün, hesab edirəm ki, ilk növbədə Azərbaycan bölməsində təhsilin keyfiyyətini qaldırmaq lazımdır. Bundan sonra rus bölmələrinə qəbulu birbaşa yox, müsahibə mərhələsi tətbiq etməklə həyata keçirmək zəruridir. Yəni rus dilində bilik və bacarıqları olmayanlar, anlayışı olmayanları qəbul etməməklə bu problem aradan qaldırmaq olar”.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *