Yeni dərs ili üçün tələbə qəbulu QAYDALARI » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Təhsil

Yeni dərs ili üçün tələbə qəbulu QAYDALARI

Yeni dərs ili üçün tələbə qəbulu QAYDALARI


Dövlət İmtahan Mərkəzi 2017-2018-ci tədris ili üçün ali təhsil müəssisələrinə tələbə qəbulu qaydalarını açıqlayıb.

Mərkəzdən Oxu.Az-a verilən məlumata görə, qaydalara əsasən ali təhsil müəssisələrinə qəbul olmaq hüququna tam orta, orta ixtisas və ya ali təhsili başa vurmaq haqqında müvafiq dövlət nümunəli sənəd almış şəxslər malikdirlər. Ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri (buraxılış kurslarında təhsil alanlar istisna olmaqla) ali təhsil müəssisələrinə qəbul olmaq üçün müsabiqədə iştirak edə bilməzlər.
Bakalavriat səviyyəsində təhsil dövlət sifarişi əsasında (dövlət büdcəsinin vəsaiti hesabına) və ya ödənişli əsaslarla həyata keçirilir.

Qeyd olunur ki, dövlət ali təhsilin hər bir səviyyəsində təhsilalanların yalnız bir dəfə pulsuz təhsil almaq hüququnu təmin edir.

Ali təhsil müəssisələrinə tələbə qəbulu vətəndaşların təhsil hüququnu tam təmin etməklə, müvafiq təhsil səviyyəsinə uyğun оlan təhsil prоqramlarını daha yaхşı mənimsəmiş qabiliyyətli və hazırlıqlı abituriyentlərin ixtisası və təhsil müəssisəsini sərbəst seçimi əsasında, dünya fənn olimpiadalarının, yüksəksəviyyəli beynəlхalq müsabiqələrin və yarışların qaliblərinin müvafiq ixtisaslar üzrə ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olunmaları halları istisna olmaqla, müsabiqə yolu ilə həyata keçirilir.

Ali təhsil müəssisələrinə tələbə qəbulu abituriyentlərin müvafiq tədris ilində biliyin qiymətləndirilməsi üzrə keçirilən imtahanda (qəbul imtahanında) əldə etdikləri nəticələrə əsasən Dövlət İmtahan Mərkəzi tərəfindən həyata keçirilir.

Müsabiqədə iştirak ödənişlidir. Ali təhsil müəssisələrinə qəbul aparılan ixtisaslar, həmin ixtisaslar üzrə ali təhsilin dövlət standartları - bakalavr hazırlığının məzmununa və səviyyəsinə qoyulan məcburi minimum tələblər, bu ixtisaslara yiyələnmək üçün tələb olunan bilik, bacarıq və vərdişlər nəzərə alınmaqla beş qrupa bölünür.

Ali təhsil müəssisələrinə qəbul imtahanları ali təhsil müəssisələrinə qəbul aparılan ixtisas qrupları üzrə həyata keçirilir. Abituriyent I-IV ixtisas qruplarının yalnız biri üzrə qəbul imtahanında iştirak edə bilər. I-IV ixtisas qruplarından biri üzrə qəbul imtahanında iştirakından asılı olmayaraq, abituriyent V ixtisas qrupu üzrə də imtahanda iştirak edə bilər. Abituriyent seçdiyi qrup daxilində bir (eyni) tədris ilində keçirilən bir neçə qəbul imtahanında iştirak edə bilər. Qruplar üzrə imtahan fənləri aşağıdakı kimidir:

- I ixtisas qrupu – qəbul imtahanının dilinə uyğun olaraq, Azərbaycan dili və ya rus dili, riyaziyyat, fizika, kimya və xarici dil. Qəbul imtahanını Azərbaycan dilində verən abituriyentlər xarici dil kimi ingilis, alman, fransız və ya rus, qəbul imtahanını rus dilində verən abituriyentlər isə ingilis, alman və ya fransız dillərini seçə bilərlər;

- II ixtisas qrupu – qəbul imtahanının dilinə uyğun olaraq, Azərbaycan dili və ya rus dili, riyaziyyat, Azərbaycan tarixi, coğrafiya və xarici dil. Qəbul imtahanını Azərbaycan dilində verən abituriyentlər xarici dil kimi ingilis, alman, fransız, rus, ərəb və ya fars, qəbul imtahanını rus dilində verən abituriyentlər isə ingilis, alman və ya fransız dillərini seçə bilərlər;

- III ixtisas qrupu – qəbul imtahanının dilinə uyğun olaraq, Azərbaycan dili və ya rus dili, ədəbiyyat, riyaziyyat, tarix və xarici dil. Qəbul imtahanını Azərbaycan dilində verən abituriyentlər xarici dil kimi ingilis, alman, fransız, rus, ərəb və ya fars, qəbul imtahanını rus dilində verən abituriyentlər isə ingilis, alman və ya fransız dillərini seçə bilərlər;

- IV ixtisas qrupu – qəbul imtahanının dilinə uyğun olaraq, Azərbaycan dili və ya rus dili, riyaziyyat, fizika, kimya və biologiya;

- V ixtisas qrupu - qəbul imtahanının dilinə uyğun olaraq Azərbaycan dili və ya rus dili, riyaziyyat və xarici dil. Qəbul imtahanını Azərbaycan dilində verən abituriyentlər xarici dil kimi ingilis, alman, fransız və ya rus, qəbul imtahanını rus dilində verən abituriyentlər isə ingilis, alman və ya fransız dillərini seçə bilərlər. V ixtisas qrupu üzrə müsabiqədə iştirak etmək üçün Azərbaycanda tam orta təhsil səviyyəsini cari ildə bitirən abituriyentlər qəbul imtahanında iştirak etmirlər. Onlar müsabiqədə buraxılış imtahanının nəticələrinə əsasən iştirak edirlər.

Ali təhsil müəssisələrinə tələbə qəbulu üzrə müsabiqədə iştirak etmək üçün abituriyentlər Mərkəzin rəsmi internet saytında “Abituriyentin elektron ərizəsi”ni doldurmalıdırlar. Azərbaycanda tam orta təhsil səviyyəsini cari ildə bitirən abituriyentlər isə ali təhsil müəssisələrinə tələbə qəbulu üzrə müsabiqədə iştirak etmək üçün Mərkəzin rəsmi internet saytında “Abituriyentin elektron ərizəsi”ni özləri təsdiq etməlidirlər. Digər abituriyentlər aşağıdakı sənədləri Mərkəz tərəfindən yaradılmış Sənəd Qəbulu komissiyalarına şəxsən təqdim etməklə, ərizələrini təsdiq etdirməlidirlər.

Ali təhsil müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə təhsil almaq istəyən abituriyentlər elektron ərizələrini rəsmiləşdirdikdən sonra Mərkəzin rəsmi internet saytında seçdiyi xüsusi qabiliyyət tələb edən ixtisasın daxil olduğu komissiya üzrə qeydiyyatdan keçirlər.

Qeydiyyatdan keçmiş abituriyentlərin Mərkəz tərəfindən mərkəzləşdirilmiş qaydada keçirilən qəbul (V ixtisas qrupunda cari ilin abituriyentləri buraxılış) imtahanında topladıqları ümumi balları Mərkəz tərəfindən müəyyən edilən müsabiqə şərtlərinə uyğun olduqda, onlar qabiliyyət imtahanlarına buraxılırlar. Qabiliyyət imtahanlarının keçirilməsi şərtləri ali təhsil müəssisələrinin təklifləri əsasında Mərkəz tərəfindən müəyyən edilir. Qabiliyyət imtahanının nəticəsi balla və ya “məqbul” və “qeyri-məqbul”la qiymətləndirilir.

“Azərbaycan Respublikasında dövlət dili haqqında” qanunun 5.3-cü maddəsinə əsasən, Azərbaycanda ali təhsil müəssisələrinə qəbul zamanı Azərbaycan dili fənnindən imtahan verilməlidir. Qəbul imtahanını rus dilində verən abituriyentlər Azərbaycan dili fənnindən test imtahanı verirlər. Bu imtahanın nəticəsi “məqbul” və ya “qeyri-məqbul”la qiymətləndirilir, “məqbul” alanlar iki (cari və növbəti) tədris ili üçün keçirilən müsabiqələrdə qəbul imtahanlarına (cari ilin abituriyentləri ixtisas seçiminə) buraxılırlar.

İmtahanların məzmunu, forması, aparılması texnologiyası, davametmə müddəti, keçiriləcəyi yer və günlər Mərkəz tərəfindən müəyyən edilir. İmtahan suallarının məzmunu Mərkəz tərəfindən hazırlanmış və Təhsil Nazirliyi ilə razılaşdırılmaqla təsdiq edilmiş imtahan fənləri üzrə qəbul proqramlarına uyğun müəyyən edilir.

Qəbul imtahanlarında sağlamlıq imkanları məhdud şəxslərin iştirakının təmin edilməsi üçün Mərkəz tərəfindən əlverişli şərait yaradılır. Görmə qabiliyyəti olmayan (I qrup əlil) abituriyentlərə fərdi nəzarətçi təyin edilir və onlar üçün imtahanın davametmə müddəti 1 saat artırılır.

Təhsilalma formasından asılı olmayaraq, hər hansı bir ixtisasa yerləşdirilmiş abituriyent tələb olunan sənədləri 10 gün müddətində qəbul olduğu təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidir. Abituriyentin bu müddətdə təhsil müəssisəsində qeydiyyatdan keçməməsi onun yerləşdirildiyi ixtisas üzrə təhsil almaqdan imtina etməsi kimi qiymətləndirilir. Bu abituriyentlər boş qalan yerlər üzrə keçirilən müsabiqəyə buraxılmırlar.

Təhsilalma formasından asılı olmayaraq, hər hansı bir ixtisasa yerləşdirilmiş abituriyent tələb olunan sənədləri 10 gün müddətində qəbul olduğu təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidir. Abituriyentin bu müddətdə təhsil müəssisəsində qeydiyyatdan keçməməsi onun yerləşdirildiyi ixtisas üzrə təhsil almaqdan imtina etməsi kimi qiymətləndirilir. Bu abituriyentlər boş qalan yerlər üzrə keçirilən müsabiqəyə buraxılmırlar.

Azərbaycanın ali təhsil müəssisələrinə keçirilən müsabiqə və onun nəticələri ilə bağlı vətəndaşların müraciətlərinə baxılması üçün Mərkəz tərəfindən Apelyasiya Komissiyası yaradılır.

Abituriyent Apelyasiya Komissiyasına şəxsiyyəti təsdiq edən sənədin əslini təqdim etməklə, şəxsən müraciət etməlidir. Apelyasiya Komissiyasının qərarlarından inzibati qaydada və ya məhkəməyə şikayət verilə bilər.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *