Cənub bölgəsinə İNFOTUR təşkil edilib – FOTO
Aqroturizmin təbliği ilə bağlı Lənkəran və Astara rayonlarına infotur təşkil edilib.
Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə "Şəfəq" Ekoturizm İctimai Birliyi tərəfindən icra edilən "Aqroturizmin inkişafı üçün məşğulluğun artırılmasına dəstək" layihəsi çərçivəsində 25 Avqust 2018-ci il tarixindən başlayan təbliğat xarakterli 2 günlük İNFOTUR yekunlaşdı. AzNews.info-ya İctimai Birlikdən verilən məlumata görə, infoturun birinci günü ölkənin 8 rayonunu təmsil edən ictimai-fəal gənclər və turizm sahəsində çalışanlar layihə rəhbəri Vamiq Babayev tərəfindən layihə haqqında məlumatları aldıqdan sonra Lənkəran rayonunda Xanbulan gölünə, İstisu qəsəbəsindəki çay plantasiyası və plantasiyadakı çay yığımında iştirak etmiş, barama saxlama fəaliyyəti ilə tanış olmuş, Haftoni qəsəbəsindəki bambuk sahəsi və bambukdan hazırlanan əl işlərini maraqla seyr edib. Turun 2-ci günü isə iştirakçılar Astara rayonun Miki kəndinə səfər etmiş, oradakı arıçılıq təsərrüfatına baş çəkmiş, bu sahədə ətraflı məlumatlar əldə etdikdən sonra təsərrüfat sahibi tərəfindən təbii şəkildə kəsilmiş bal məhsulundan istifadə edib. Həmin ərazidəki sitrus bağlarına baş çəkdikdən sonra iştirakçılar Ərçivan kəndindəki "Yanar bulaq" və XIX əsrə aid Ləmə baxış etmiş, həmin kənddə yerləşən çəltik dəyirmanının fəaliyyəti ilə tanış olub vədəyirmanda təbii düyü məhsullarından alış ediblər. Sonra Astarada yeni salınmış bulvar ərazi ilə tanış olublar. İştirakçıların hər biri regionun aqroturizm potensialını yüksək qiymətləndirib və davamlı olaraq bu istiqamətdə təbliğat tədbirlərinin aparılmasına dəstək olacaqlarını qeyd ediblər.
Qeyd edək ki, layihənin həyata keçirilməsində məqsəd aqroturizm sahəsində əhali arasında maarifləndirmə işi aparmaq və stimullaşdırıcı tədbirlər həyata keçirərək bu istiqamətdə məşğulluğun artırılmasına dəstək olmaqdan ibarətdir.
Mənbə:> AzNews.info