Şah İsmayıl Xətaini vəhşi, anasını edam edən kimi təqdim edənlər kimdir?
“Bu proses günümüzə qədər davam edir”.
Zaman-zaman Azərbaycan xalqının tarixi, eləcə də tarixi şəxsiyyətlərin fəaliyyətinin təhrif olunmasının şahidi olmuşuq. Azərbaycan xalqının tarixi şəxsiyyətlərini aşağılamaq cəhdində bulunanlar utanıb-çəkinmədən şər və böhtanla dolu əsərlər çap etdirirlər. Narahatverici məqam ondan ibarətdir ki, belə hallar mütəmadi olaraq davam etdirilir. Məlumdur ki, cari ildə Türk dünyasının taleyi və tarixində müstəsna əhəmiyyəti olan Çaldıran döyüşünün 500 illiyi tamam olur. Etiraf edilməlidir ki, bu tarixi hadisənin də təhrif olunması ilə bağlı düşüncələrə rast gəlinir.
AzNews.info Modern.az-a istinadən xəbər verir ki, millət vəkili, AMEA-nın Şərqşünaslıq İnstitutunun direktoru Gövhər Baxşəliyevanın bildirdiyinə görə, sözügedən döyüşün 500 illiyinin qeyd edilməsi əsas verir ki, biz o hadisələrə yenidən qayıdaq və tarixi hadisələri yenidən qiymətləndirək.
O cümlədən, bu hadisələrin əsas iştirakçılarının və Şah İsmayıl Xətainin fəaliyyətini yenidən qiymətləndirək. Onun Azərbaycan tarixində oynadığı rolu bir daha nəzərdən keçirək:
“Bu qiymətləndirmə ona görə vacibdir ki, elə o dövrdən başlanaraq Osmanlı tarixçiləri tərəfindən Şah İsmayıl Xətainin bütün şəxsiyyəti və fəaliyyəti kobud sürətdə təhrif olunub. Məhz onların qələmə aldıqları yazıların nəticəsində Şah İsmayıl bir vəhşi obrazında, öz anasını edam edən bir şəxsiyyət kimi təqdim olunur. Vaxtilə onunla bağlı böhtan xarakterli məsələlər qələmə aldıqlarına görə, indi də Türk və İran yazıçıları həmin mənbələrə əsaslanaraq Şah İsmayıl Xətainin bütün fəaliyyətini kobud sürətdə təhrif edən əsərlər yazırlar.
Narahatverici məqam ondan ibarətdir ki, bu proses günümüzə qədər davam edir. Elə bu yaxınlarda İsgəndər Pala adında türk yazıçısı o dövr haqqında “Şah və sultan” adlı roman yazıb. Bu romanda da Şah İsmayılı xeyli aşağılayırlar, Sultan Səlimi yüksəklərə qaldırırlar. Yaxud Riha Çamuroğlunun “İsmayıl” adında romanında da eyni proseslər davam etdirilir. Nəhayət ki, biz bu məsələlərə qiymət veməliyik. Bəlkə də qanunvericiliyə əlavə və dəyişikliklər edilməlidir ki, Azərbaycan xalqının tarixində müstəsna əhəmiyyətə malik şəxsiyyətlərin fəaliyyətinin təhrif olunmasının qarşısı alınsın. Elə Şah İsmayıldan başlayaraq Heydər Əliyevə qədər bu normanı tətbiq etməliyik”.
Mənbə:> Modern.az