Fazil Mustafa Xətaini sevmir? » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Sosial, Tarix

Fazil Mustafa Xətaini sevmir?

Fazil Mustafa Xətaini sevmir?


Böyük Quruluş Partiyasının sədri, deputat Fazil Mustafanın görkəmli tarixi şəxsiyyət Şah İsmayıl Xətai ilə bağlı fikirləri sosial şəbəkələrdə ciddi müzakirə mövzusuna çevrilib. Zaman-zaman deputatın Xətai ilə bağlı birmənalı qarşılanmayan fikirləri mətbuat səhifələrində geniş yer alıb.

Bu dəfə də F.Mustafa ciddi tənqid atəşinə tuş gəlib. Hətta iş o yerə çatıb ki, partiya sədri onu qınayanlara öz feysbuk səhifəsində status həsr edərək onlara sərt şəkildə cavab verib.

O bildirib ki, feysbukda yaradılan “Şah İsmayıl Səfəvi” adlı səhifədə ona hücum edilir və ən aşağı formada tənqidlərə məruz qalır. F.Mustafa qeyd edir ki, şəklini paylaşaraq üzərindən “Babəkin və Şah İsmayılın düşmənləri silsiləsindən” yazıblar.

AzNews.info xəbər verir ki, F.Mustafa “Yeni Müsavat”a açıqlamasında tarixi şəxsiyyətlərə qarşı münasibətdə şəxsi düşmənçilik və mənfi ritorikanın olmadığını bildirdi:

“Bu tipli şəxslərin qoyub getdikləri dəyərlərə münasibət var. Azərbaycanda yanlış təfəkkür var ki, guya bu dəyərlər bizə imperiya yaradıb, böyük dövlət qurub. Bunlar hamısı boş, əsassız fikirlərdir. Xətainin qoyub getdiyi dəyər, tutduğu ərazilər İranın işinə yarayan bir bazadır. İnsanlar ola bilsin ki, kimisə çox sevə bilərlər.

Biz istəyirik ki, ölkəmizdə milli dövlət duyğusuna bağlılıq daha çox olsun. Bu yolla dövlətimizi qoruya bilərik. Bu dövlət Məhəmməd Əmin Rəsulzadə tərəfindən yaradılıb. Biz tarixin qaranlığında işıq axtarmaqdansa, mövcud işığımıza daha çox yaxın olmalıyıq. Səfəvi ideologiyası həm İslamın parçalanmasına, həm də Azərbaycanda irançı düşüncələrin formalaşmasına səbəb olub. Tarixi şəxsiyyət olaraq, bir şəxsin çoxsaylı qələbələr qazanması faktı çox ola bilər.

Napoleonun addımlarına həsədlə baxırıq. Əslində isə tarixi şəxsiyyətin qoyub getdiyi dəyərə baxmaq lazımdır. Bu dəyər işimizə nə qədər yarayır? Bu dəyər hazırkı inkişafımıza nə qədər fayda verir? Xətainin düşüncəsi ilə hərəkət etsək, Türkiyə başda olmaqla, çevrəmizdəki türk arealı ilə düşmən olmalıyıq. Bizdə dövlətçilik duyğuları yüksəkdir. Amma bu duyğular sağlam olmalıdır. 2 milyon kvadrat kilometr ərazinin işğalından danışırıq. Bu gün Qarabağı azad edə bilmirik. Bu baxımdan, 2 milyon kv. kilometrlik ərazinin işğalı illüziyası ilə xalqı yazıq günə qoymağın mənası yoxdur.

Cənubi Azərbaycanda olan soydaşlarımızın haqlarını belə əldə edə bilmirik. İdealları yaşatmaq yaxşı şeydir. Amma buna aludə olub, dövlətimizi də itirə bilərik. Azərbaycanda istinad edəcəyimiz ən böyük tarixi şəxsiyyət Rəsulzadədir. Onun modern düşüncəsini Azərbaycan doğru yerinə yetirsə, ölkəmiz qüdrətli bir dövlətə çevrilə bilər. Daha bir sağlam düşüncəli aydın gələcəyə doğru gedərik. Fikirlərimizə dözümsüz yanaşanlar var. Səhifələrində şəkillərimizi düşmən obrazında paylaşırlar. Nadan, cahillər hansı ölkələrdə olmalarından asılı olmayaraq, maraqlıdır ki, eyni hədəfə gəlirlər. Biz öz ölkəmizə bağlı insan tipinin üzərində düşünməliyik. Bu ideologiya gələcəyimizə heç bir perspektiv vəd eləmir.

Şah İsmayıl tarixi bir şəxsiyyətdir. Belə şəxsiyyətlərə hörmətsiz yanaşmaq olmaz. Tariximizdə kimlər olubsa, dövrlərinin adamları olublar. Onları söymək, təhqiramiz kimi ifadələr işlətmək halları yığışdırılmalıdır. Sadəcə onları ideallaşdırmaq olmaz. Bizim yanaşmamız budur. Qəbul etmək olar, amma bunu bütöv Azərbaycanın ideyası kimi sırımaq doğru deyil. Əminəm ki, Azərbaycanda sağlam düşüncəli insanların istinad mənbəyi Rəsulzadədir.

Hansısa bir feodal dövrünün torpaq zəbt etməsi bizim dəyərimiz ola bilməz. Yaşayan dəyərlərə istinad etmək lazımdır. Napoleonun çoxsaylı Avropa ölkəsini işğal etməsi yüz minlərlə fransızın məhvinə səbəb olub. Amma onun qoyduğu Mülki Məcəllə bu gün də yaşayır. Yəni onun dəyəri bu məcəllədir. Rəsulzadə dəyər qoyub gedib, heç bir torpaq işğal etməyib. Amma Azərbaycan insanı üçün elə bir dəyər qoyub gedib ki, min dəfə o ərazilərdən üstündür. Milli dövlət yaratmaq duyğusunu o, Azərbaycana yaşadıb. Səfəvi milli dövlət deyil. Bu baxımdan bunu ideallaşdırmağın mənası yoxdur”.

Vətəndaş Həmrəyliyi Partiyasının sədri, xalq şairi Sabir Rüstəmxanlı isə hesab edir ki, tarixi şəxsiyyətləri bugünkü situasiya ilə dəyərləndirmək doğru deyil: “Babəki, Xətaini və digər belə şəxsləri XXI əsrdə dəyərləndirəndə son dərəcə ehtiyatlı olmaq lazımdır. Çünki bəzi ziddiyyətlər meydana çıxa bilər. Belə tarixi şəxslərə o kəslər düzgün qiymət verə bilərlər ki, həmin dövrün dini, siyasi proseslərini dərindən bilsinlər. Bunlar olmayanda daim ziddiyyətlər meydana çıxır. Şah İsmayıla münasibətdə xüsusən ciddi ziddiyyətlər var. Ona qarşı hücumlar da var. O, şiə dövləti qurub, öz maraqları olub.

Hətta onda qisas almaq hissi də var idi. Müharibə etdiyi dövlətlərdən, ata-babasını öldürənlərdən qisas almaq istəyirdi. Amma heç bir halda səfəviləri tariximizdən silib, onu düşmən elan etmək doğru deyil. Bütün yanlışlıqlara rəğmən o, Azərbaycanın bir parçasıdır. Osmanlını ideallaşdırıb, səfəviləri aşağılamaq da doğru deyil. Hər ikisinin ayrı-ayrılıqda, eyni zamanda birlikdə səhvləri olub. Amma onları tarixdən silmək cəhdləri hesab edirəm ki, xalqımızın tarixinə kölgə salmağa, dövlətçilik duyğularını zəiflətməyə yönəlib. Xətaini türkçülüyə qarşı qoymaq düzgün deyil.

Türk tarixçiləri bu günləri Xətaini İrana bağlamaq istəyirlər, amma bu doğru ola bilməz. Bu yanlış təfəkkür getdikcə sona çatacaq. Çünki Xətai ilə bağlı yeni-yeni kitablar yazılır, araşdırmalar aparılır. Haqq öz yerini tezliklə tapacaq. Osmanlı və səfəvilərdə kifayət qədər qardaş qırğınları olub. Ona görə də Xətaini Çaldıran döyüşünə görə qınayıb, bu tərzdə barəsində mənfi fikirlər səsləndirmək, formalaşdırmaq düzgün deyil. İndi Türkiyə ilə münasibətlər yüksək səviyyədədir. Bu baxımdan Xətai ilə bağlı hazırda səslənən fikirlərin keçmişdə olan məlum düşmənçiliklə heç bir əlaqəsi yoxdur”.

Mənbə: Musavat.com
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *