“Türkmənçay” müqaviləsi ləğv oluna bilərmi?
Bu gün “Türkmənçay” müqaviləsinin imzalanmasından 188 il ötür.
ATV.az-ın məlumatına görə, bu, ikinci Rusiya-İran müharibəsi nəticəsində 1828-ci il 10 fevralda Rusiya ilə İran arasında “Türkmənçay” kəndində bağlanmış müqavilə idi. Müqaviləyə əsasən, Azərbaycanın Araz çayından şimaldakı bütün əraziləri Rusiyanın, cənubdakı əraziləri isə İranın əlinə keçdi.
Azərbaycanın ərazi bütövlüyünü pozan müqavilənin ləğv olunma ehtimalı varmı? Və belə bir şey baş verərsə, nəticəsi nə olar?
Hüquqşünas Əlövsət Allahverdiyev məsələ ilə bağlı ATV.az-a açıqlamasında deyib: “Azərbaycan coğrafi baxımdan Rusiya-İran müharibələrinin mərkəzində olduğu üçün tarixən, qədimdən gah İran, gah da Rusiya imperiyaları tərəfindən işğal olunub. Şimali Azərbaycan uzun müddət Rusiyanın əsarəti altında qalmağına baxmayaraq, öz müstəqilliyini əldə etmək imkanına malik olub. Ancaq təəssüf ki, Cənubi Azərbaycan bu gün də göründüyü kimi bu imkandan məhrum olunub. Şimali Azərbaycan beynəlxalq hüquq normalarının ona verdiyi imkandan bəhrələndi. Amma bu, İran tərəfindən qısqanclıqla qarşılandı və Azərbaycan Cümhuriyyətinin müstəqilliyini tanımadı. Eyni zamanda, Tehran, Azərbaycan Xalq Cümhuriyyətinin adından Azərbaycan sözü götürülməsini təklif etmişdi. Təbii ki, Azərbaycan 70 il sonra yenidən müstəqilliyini bərpa edəndən sonra İran Azərbaycanın müstəqilliyini tanımaq məcburiyyətində qalıb.
Artıq bu gün, zamanın tələbi başqadır. Türkmənçay sülh müqaviləsinin ləğvi məsələsini gündəmə gətirənlərin niyyəti də fərqlidir. Bir qrup şəxslər bu müqavilənin ləğv olunmasını ona görə istəyir ki, Cənubi Azərbaycan da müstəqil olsun və Bütöv Azərbaycan olsun, digər tərəfdən isə Türkmənçay sülh müqaviləsinin vaxtının bitdiyinə işarə edir və onun ləğvini gündəmə gətirir. Burada Şimali Azərbaycanın da İrana bilməşdirilməsi kimi qorxulu təkliflər səsləndirilir.
Doğru olan isə odur ki, Türkmənçay müqaviləsinin ləğvi ilk anda İran ərazisindəki tarixi Azərbaycan torpaqlarının müstəqilliyi məsələsini aktuallaşdıracaq və bu qaçılmazdır. Beynəlxalq hüququn “Xalqların öz müqəddəratını müəyyən etməsi” prinsipi Cənubi Azərbaycana da şamil olunur, hesab edirəm ki, Cənubi Azərbaycan ya bu imkandan faydalanıb müstəqilliyə qovuşacaq, ya da “Türkmənçay” sülh müqaviləsinin ləğvi bu prosesi sürətləndirəcək. Amma demək olmaz ki, “Türkmənçay” sülh müqaviləsi ləğv olunsa, Cənubi Azərbaycan dərhal müstəqil olacaq, sadəcə onun müstəqil olmasına əsas verən amillər güclənəcək.
Məsələ ilə bağlı, politoloq Vüqar Zifəroğlu isə ATV.az-a açıqlamasında deyib: “Ümumiyyətlə, bir çox tarixi müqavilələr olub ki, bu, birbaşa Azərbaycana da təsir edib. Bu müqavilələrin hər hansı bir şəkildə ləğvi məsələsinin XXI əsrin əvvəllərində gündəmə gətirilməsi fikrimcə, absurddur. “Türkmənçay” müqaviləsi Qacar Türk İmperatorluğu ilə Rusiya İmperiyası arasında bağlanıb. Bu müqavilənin ləğvini gündəmə gətirə bilmərik. Ona görə ki, bu dəqiqə Qacar Türk dövlətinin hüquqi varisi olan bir dövlət ümumiyyətlə yoxdur. Biz, yəni, Şimali Azərbaycan, əslində, daha çox varisi kimi çıxış edə bilərik, nəinki indiki İran. Həmin müqaviləni bağlayan tərəfin ərazisinin böyük hissəsi indiki İrandır. Bu anlamda, belə bir müqavilənin ləğvinin gündəmə gətirilməsi ilə bağlı fikir mübadiləsi aparmaq, bilmirəm ki, nə dərəcədə mümkündür.
Təbii ki, həm Türkmənçay, həm də Gülüstan müqavilələrinin bağlanması bizim milli faciəmizdir. Amma bunun ləğvi hüquqi nöqteyi-nəzərdən mümkünsüzdür. Elə tarixi məqamlar var ki, onunla artıq barışmaq məcburiyyətində qalırıq. O müqavilələrin doğurduğu acı nəticələr var. Ümid edirik ki, gələcəkdə bu acı nəticələr aradan qalxacaq və Azərbaycan bütöv olacaq. Amma, bu müqavilənin ləğvi ilə yox, buna aparan başqa sosial-siyasi proseslər ola bilər. Bu, XIX əsrdə bağlanan müqavilədir. Yəni, müqaviləni bağlayan subyektlərin özləri mübahisə predmetidir müasir dövr üçün, nəinki ləğvi.
- Türkmənçay müqaviləsinin nəticəsi olaraq, Azərbaycan bölündü. Belə sual ortaya çıxa bilər ki, bu müqavilənin nəticələrinin aradan qaldırılması ölkəmizə necə təsir edə bilər?
- Bəli, təbii ki, bu nəticələrin aradan qaldırılması, yalnız və yalnız Azərbaycana müsbət təsiri ola bilər. Ona görə ki, Azərbaycan öz tarixi əraziləri ilə bütöv halında olacaq. Azərbaycan, öz mənəvi və ruhi bütövlüyünü əldə etmiş olacaq. Bu gün, bizim böyük bir hissəsim cənubdadır. Bu nəticələrin aradan qaldırılmasının ölkəmizə heç bir mənfi təsiri olmaz. Bizə uzun müddət təbliğ edilib ki, Gülüstan və Türkmənçay müqavilələri iki böyük imperiyanın – Rusiya və İran arasında müharibəsi idi. Bu müharibə nəticəsində İran məğlub oldu, Rusiya qalib gəldi və Azərbaycan iki hissəyə bölündü. Əslində məsələ belə deyil. Əslində bu müqavilələr həmin dövrdə mövcud olmayan İranla yox, Azərbaycan Qacarlar dövləti ilə bağlanmışdı. Qacarlar Azərbaycanın hökmdarları olublar, İranın yox. Və nəticədə şimal torpaqlarımız Azərbaycandan ayrılaraq Rusiya imperiyasına birləşdirildi. Sadəcə, sonrakı tarixi proseslər ona gətirib çıxardı ki, 1918-ci ildə Azərbaynın şimalında biz, cümhuriyyətimizi qura bildik. Yəni, əslində bizə yalnız təlqin edilir ki, bu müqavilələr Rusiya ilə İran arasında olub.
Müharibəni aparan tərəflər Azərbaycan Qacarlar dövləti ilə Rusiya olub. Müqavilənin ləğvi ona görə mümkün deyil ki, Azərbaycan Qacarlar dövləti deyə bir şey yoxdur. Qars müqaviləsini Rusiya ona görə, gündəmə gətirib ki, ortada subyekt var. Yəni müqaviləni bağlayan Rusiya İmperiyasının varisi olan hazırki Rusiya Federasiyası da var, Türkiyə Cümhuriyyəti də. Qacarlar dövləti isə tarix səhnəsində hazırda mövcud deyil. Hətta Rusiya İmperiyası da həminki sərhədləri çərçivəsində deyil. Türkmənçay müqaviləsi o zaman gündəmə gələ bilərdi ki, Qacarlar dövləti də mövcud olardı və biz yenə Rusiyanın tərkib hissəsi olsaydıq. Amma bu gün, çox şükür ki, Azərbaycan müstəqil dövlətdir və əfsuslar olsun ki, Azərbaycanın güneyində İran adlı rejim var. Amma, hamımızın ümidi budur ki, müqavilənin nəticələri ortadan qalxar və Azərbaycan bütöv halda birləşər, çünki Təbrizsiz, Ərdəbilsiz və s. bu, mümkün deyil.
Tarixçi Dilavər Əzimli isə deyir ki, bunu müqavilə yox kaptulyasiya kimi qəbul etmək daha düzgün olardı: “Əslində bu müharibə Rusiyayla Azərbaycan arasında gedirdi. Müqavilədə belə yazılırdı ki, Dövləti Qacariyyə və Rusiya arasında, İran yazılsa da. İranı ingilislər yazıb, ingilislərdən də ruslara keçib. Rusiya o dövrdə qalib dövlət idi. O dövrdə hakimiyyət Azərbaycan Qacarlar dövləti adlanırdı. Əgər Rusiya bu addımı atmasaydı, Azərbaycan yenə bütöv qalacaqdı. Əslində bu, kaptulyasiyadır, yəni tam şəkildə məğlubiyyət. Beynəlxalq şərait Azərbaycanın xeyrinə işləmədi. Və Azərbaycan tək qaldı, böyük qəhrəmanlıqla məğlub oldu. Azərbaycan daima hər daşı, hər yeri uğrunda amansızcasına yox, qəhrəmancasına mübarizə aparır. Necə ki, II Dünya Müharibəsində Almaniya kaptulyasiya imzaladı, yəni, bu məğlubolma sənədi idi. Eləcə də Türkmənçayı biz biabırçı bir kaptulyasiya kimi imzalamaq məcburiyyətində imzaladıq. Çünki burada Azərbaycan Qacarlar dövlətinin heç bir hüququ tanınmadı və kaptulyasiyaya getdi. Bunun ləğv olunmasının yeganə yolu isə, Azərbaycanda milli hissin güclənməsi ilə ola bilər, yəni bütöv, böyük Azərbaycan dövlətinin birləşməsi ilə”.
Qeyd edək ki, müqavilənin imzalanmasında tanınmış rus yazıçısı A.S.Qriboyedov və Azərbaycan mütəffəkiri Abbasqulu Ağa Bakıxanov da iştirak edib. Bakıxanov bu tarixi hadisədə tərcüməçi kimi iştirak edib. Müqaviləni Rusiya tərəfindən İvan Paskeviç, İran tərəfindən isə Mirzə Əbdül Həsən xan imzalayıb.
Mənbə:> ATV.az