Qənirə Paşayeva adaşından yazdı: “İlk daşı o atsın!”
Hər bir insanı tənqid etmək olar, amma beldən aşağı zərbələr, məsxərə, lağlağı doğru deyil.
Axar.az xəbər verir ki, bu sözləri millət vəkili Qənirə Paşayeva jurnalist Qənirə Ataşovanın ABŞ Dövlət Departamentinin sözçüsünə sual ünvanlayarkən fikrini ingilis dilində normal ifadə edə bilməməsindən dolayı sosial şəbəkələrdəki kəskin tənqidlərə etiraz olaraq qeyd edib. Millət vəkili bildirib ki, Qənirə Ataşova bir azərbaycanlı xanımdır və yaxşı jurnalistlərimizdən biridir:
“Ona qarşı sosial şəbəkələrdə aparılan təbliğatı doğru hesab etmirəm. Bu həyatda heç kəs xətasız deyil, bunu hər birimiz yaxşı anlamalıyıq. Və inanıram ki, Qənirə Ataşova jurnalistikanı öyrəndiyi kimi ingilis dilini də yaxşı öyrənəcək. Biz bir millətin övladlarıyıq, səhvlərimiz olduğunda bir-birimizi sağlam tənqid etməliyik, amma kin, nifrət qusaraq, aşağılayaraq, beldən aşağı zərvələr vurub məsxərəyə qoyaraq deyil. Bu cür addımlarımızla həmin insana qarşı nə qədər ağır psixoloji zərbələr vurduğumuzu unutmamalıyıq. Təkrar edirəm, həyatda səhvsiz, xətasız insan yoxdur. Varsa, məhşur hikmətdə deyildiyi kimi, buyursun, ilk daşı o atsın...”
Mənbə:> Axar.az