Deputat oğlunun ölən modellə kadrları və kasıblara gülməsi Axundovları bitirdi – VİDEO
Deputat oğlunun ölən modellə kadrları və kasıblara gülməsi Axundovları bitirdi
Bu günlərdə xalq yazıçısı titulu almış deputat Elmira Axundovanın oğlu Həbib Axundova görə başı yenə cəncəldədir
Palitika.Az xəbər verir ki, Həbibin yeni videolarının ortaya çıxması və dənizdə batan model Günel Mirzəyeva ilə kadrlarının yayılması vəziyyəti qəlizləşdirib.
Bir neçə gün əvvəl AzTV efirində portret müsahibə verən E.Axundovanın yaradıcılığından, seçiciləri ilə görüşməsindən ağız dolusu danışmasının ardınca bu videonun yayılması bütün təbliğat maşınını darmadağın etmiş oldu.
Xanım deputatın əməyi və fəaliyyəti oğlunun ucbatından puça çevrilməkdədir. Üstəlik, dələduzluq işi ilə bağlı məhkəmənin gedişatı daim medianın diqqətindədir.
Bütün bunlar Axundovların karyerasının üstündən xətt çəkməkdədir. Məlumatlara görə, H.Axundovun səhhətində də ciddi problemlər yaranıb və məhkəməyə çəlikdə gəlir.
Oğluna görə neqativ informasiyalardan qurtulan bilməyən yazıçı deputat narahatlıq keçirir. Onun AzTV efirindəki müsahibəsi də bu video ilə əhəmiyyətini itirdi.
Həbibin dənizdə batan model Günellə videosu göstərir ki, onların münasibətləri olub. Amma ilk gündən o, deyilənləri təkzib edirdi.
Belə ki, modelin deputatın oğluna məxsus yaxtada boğulduğu bildirilirdi.Həmin vaxt istər deputat E.Axundova istər də oğlu H.Axundov hadisənin onların yaxtasında baş vermədiyinə dair açıqlama vermişdilər.
Hətta E.Axundova açıqlamasında oğlunun ümumiyyətlə yaxtasının olmadığını bildirmişdi. Amma H.Axundov hadisənin həqiqətən də ona məxsus yaxtada baş verdiyini, lakin həmin an özünün yaxtada yox, sahildə olduğunu və bu səbəbdən də G.Mirzəyevaya kömək edə bilmədiyini bildirib:
Palitika.Az xəbər verir ki, ortada bir-birini təkzib edən açıqlamalar olsa da, məsələ qapadılıb getdi. Hər halda ortada cəza alan olmadı. Hər kəs necə deyərlər, qaldığı yerdən həyatını davam etdirdi. Həm də necə həyatını…
Bu mövzuda azpolitika.info yazıb ki, deputatın oğlunun adı bu dəfə başqa bir dələduzluq işində gündəmə gəldi. Həbib Axundovun adı 8 milyonluq dələduzluq qalmaqalında hallanmağa başladı.
Vətəndaşlar Ziya Vəliyev, Elvin Vəliyev, Sabir Ağayev, Fərman Məmmədov və Şahin Məhərrəmov şikayət edərək, Həbib Axundovla dostu Elnur İbrahimovun yaratdıqları maliyyə fırıldağı piramidasının qurbanları olduqlarını bildirdilər.
Ancaq H.Axundov bütün günahın Elnur İbrahimovda olduğunu bildirərək, özünün də zərərçəkmiş olduğunu bildirdi. Ancaq hazırda məhkəmədə araşdırılan bu işdə zərərçəkmişlər pullarını deputat oğluna verdiklərini bildirirlər.
Bu iş üzrə məhkəmə prosesinin getdiyi bir vaxtda deputat oğlu ilə bağlı yeni faktlar ortaya çıxıb. H.Axundovun harın həyat tərzini, kef içində yaşadığını əks etdirən, hətta kasıb insanları ələ salmaqdan çəkinmədiyi görüntüləri yenidən gündəmi zəbt edib. Bahalı avtomobillər, bahalı geyimlər, necə deyərlər, ətrafında huri mələklər…
Bu görüntülər ölkənin iki ağır devalvasiyadan keçdiyi günlərdə çəkilib … Xalq banklar qarşısında boynubükük qalıb, minlərlə vətəndaşımız məhkəmələrdə sürünür, amma nə kəramətdisə bizim çox çox dəyərli deputatımızın oğlu Həbib Axundov mal-mülk, səltənət içində üzür...
Sanki insanları ələ salırmış kimi, “Bakıda deyirlər “krizisdir”, dollar qalxıb, mənim dollarım, heç manatım da yoxdur” deyə lağlağı şəkildə bildirir.
Gah ətrafındakı qızlara özünün oliqarxlar kimi yaşaması, gah da əynindəki kurtkanın qiyməti ilə öyünür…
Mənbə:> Palitika.Az