Bakıda toy karvanında "avtoşluq": yol polisi hərəkətə keçdi – VİDEO
Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq toy karvanlarında hələ də qaydaları kobud pozan sürücülər var.
AzNews.info xezerxeber.az-a istinadən bildirir ki,bununla bağlı qeydə alınmış yeni görüntüdə sürücü gah sağa, gah da sola doğru hərəkət edərək avtomobili iki təkər üstündə idarə etmək istəyir.
Görüntülər Bakıda, Nərimanov rayon Ziya Bünyadov prospektində bir toy karvanında çəkilib. Həmin şəxsin avtomobillə təhlükəli hərəkətlərini görən bir sürücü dərhal onu çəkərək ''Xəzər Xəbər''in votsap nömrəsinə göndərib.
Kadrlardan aydın görünür ki, sürücü toy karvanında bəy- gəlin avtomobilindən öndə gedərək, "məharətini" göstərir. Amma onun bu hərəkəti digər nəqliyyat vasitələri üçün olduqca təhlükə yaradır.
Görüntüləri izləyən sürücülər, toy karvanlarında bu cür təhlükəli hərəkətlər edən şəxslərə qarşı cəzaların sərətləşdirilməsini təklif edirlər.
Belə məsələlərdə toy sahibləri də diqqətli olmalıdır.
Yol hərəkəti üzrə ekspert Elməddin Muradlı deyir ki, xüsusilə paytaxt ərazisində toy karvanlarında 4-5 avtomobil iştrak etməlidir və maşınlarda da orta yaşlı sürücülər olsa daha yaxşı olar.
Məsələ ilə bağlı Bakı Şəhər Dövlət Yol Polis İdarəsindən ''Xəzər Xəbər''ə bildirdilər ki, əgər həqiqətən də sürücünün əməlində qayda pozuntusu varsa, o, xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilərək məsuliyyətə cəlb ediləcək.
Mənbə:> Xezerxeber.az