Qubadakı məşhur oteldə faciə: ölən və yaralananlar var
Fövqəladə Hallar Nazirliyi (FHN) Quba rayonunda “Quba Palace Hotel”də baş vermiş bədbəx hadisə ilə bağlı məlumat yayıb.
Virtualaz.org bildirir ki, ilkin araşdırmalara əsasən, Rusiya Federasiyasının "SCADA” şirkəti tərəfindən kanatda aparılan təmir işləri ilə bağlı kanat yolu 20.06.2018-ci il tarixindən istifadədə olmayıb. Hadisə yerdə, təmir işləri aparılan zaman baş verib. Nəticədə təmir işlərinə cəlb edilmiş 1 nəfər ölüb, 2 nəfər xəsarət alıb.
Hadisə ilə bağlı aidiyyəti orqanlar tərəfindən araşdırmalar aparılır.
* * *14:21
Qubadakı “Quba Palace Hotel”ində kanatın qırılması nəticəsində 1 nəfər ölüb, 2 nəfər yaralanıb. Hər 3 şəxs otelin fəhlələri olub.
Bu barədə virtualaz.org-a Quba Rayon Mərkəzi Xəstəxanasından məlumat veriblər. “Otelin əməkdaşı Rüzgar Rzayev hadisə yerində ölüb. Digər iki əməkdaşa tibbi xidmət göstərilib, həyatları üçün təhlükə yoxdur”, -xəstəxanadan əlavə ediblər.
Hadisə fəhlələr kanatda yaranmış problemi aradan qaldırarkən baş verib. Otelin adının açıqlamasını istəməyən əməkdaşı deyib ki, hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədirlər, əlavə məlumat verməyə icazə verilmir.
“Quba Palace Hotel” əvvəllər Quba Rixos kimi fəaliyyət göstərib. “Quba Palace Hotel” bölgənin bahalı otelləri arasında ilk üçlükdədir.
Səhiyyə Nazirliyi mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova isə bildirib ki, qəza otelin əməkdaşları kanatda dartma işləri apararkən baş verib. O vurğulayıb ki, yaralıların vəziyyəti orta-ağırdır, hazırda həkim nəzarətindədirlər.
Mənbə:> Virtualaz.org