Süpürgəçini biri avtobusla vurub öldürdü, o birisi isə tələsik işdən çıxartdı
Bakı Ağır Cinayətlər Məhkəməsində ölümlə nəticələnən yol qəzası törətməkdə ittiham olunan Əflatun Cəfərovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Virtualaz.org-un xəbərinə görə, ötən il Sabunçu rayonu ərazisində “Koroğlu” metro stansiyası ilə Zabrat qəsəbəsi arasında sərnişindaşıma ilə məşğul olan 148 saylı marşrut avtobusu yolu keçən 78 yaşlı Şıxməmməd Yadigarovu vurub. "İsuzu" markalı, 90 RJ 388 dövlət qeydiyyat nişanlı avtobusun vurduğu piyada hadisə yerində ölüb.
Təqsirləndirilən Ə.Cəfərov ifadəsində göstərib ki, hadisə baş verən gün avtobus sürücüsü işləyən dostu Əmir ona zəng vurub kömək istəyib. Deyib xəstələnmişəm, mənim əvəzimə avtobusu sən sür. O da razılaşıb: “Səhər saat 7 radələri idi. Saatda 40 km sürətlə hərəkət edirdim. Yolu keçən şəxsi görmürdüm. Qarşıdan gələn maşın işıqlarını yandırıb söndürdükdə baxdım. Avtobusu sola çəksəm də, artıq gec idi. Maşına qoyub xəstəxanaya çatdırdıq".
Məhkəmədə mərhumun oğlu, Mehman Yadigarov ifadəsində atasının Sabunu rayon Mənzil Kommunal Təsərrüfar Birliyində süpürgəçi işlədiyini deyib. Hakim isə iş materiallarında mərhumun heç bir yerdə işləmədiyi yazıldığını zərərçəkmişin diqqətinə çatdırıb. "Bu yalandır. Özüm idarəyə gedib məlumat verdim ki, atam ölüb. Təsəvvür edin ki, üç gün keçmişdi, amma xəbərləri yox idi. Birinci dedilər ki, işləmir, mühasibatlıqdan soruşdum, dedilər ki, işləyir. Atamın orda işləməsini başdan eləmək istəyirdilər". Məlum olub ki, mərhum yol qəzasında vəfat etdiyi gün onu işdən azad ediblərmiş.
Ahıl yaşlı atasının süpürgəçi işləməsinə gəlincə isə zərərçəkmiş “onun işləməsinə heç bir ehtiyac yox idi, inanın, özü bunu istəyirdi” deyib.
Məhkəmədə o da məlum olub ki, Ə.Cəfərovun idarə etdiyi avtobus 148 saylı marşrut xəttinə aiddir və bu marşrut xəttinin sahibi isə Zabrat qəsəbəsinin sabiq bələdiyyə sədri Adil Hənifəyevdir. Məhkəmə Ə.Cəfərovu sürücü kimi işə götürən məsul şəxsin və marşrut xəttinin sahibinin də dindirilməsi qərarına gəlib. Növbəti məhkəmə iclasına onlar şahid kimi dəvət ediləcək.
Mənbə:> Virtualaz.org