Cavadxan küçəsində yolu zəbt edən kafelər: eyş-işrət gecədən səhərə qədər davam edir – FOTO
Bakının Nəsimi rayonu, Cavadxan küçəsinin bir hissəsi kafe və çay evləri tərəfindən zəbt edilib. Binaların birinci mərtəbəsində yerləşən ticarət və iaşə obyektləri piyadalar üçün nəzərdə tutulmuş yolu tutduğundan, sakinlər evlərinə getmək üçün avtomobil yolundan istifadə etmək məcburiyyətində qalırlar. Hətta fövqəladə hadisələr zamanı da təcili yardım və ya yanğınsöndürmə avtomobilləri binaya yaxınlaşa bilmir.
Bu şikayətlə virtualaz.org-un redaksiyasına Cavadxan küçəsi, 23 ünvanında yaşayan Kənan Qasımov müraciət edib.
Onun sözlərinə görə, obyektlərin yolu bütünlüklə bağlaması azmış kimi gecə səhərə qədər kafelərdən çıxan sərxoş insanların səs-küyündən evdə yaşamaq mümkün deyil: “Qışda bizim binamızın zirzəmisində kabel alışmışdı, yanğınsöndürənlər binaya yaxınlaşa bilmirdi. Çox çətinliklə kafelərin qurduğu barrikadanı yara bildi. İndi də hava isindiyinə görə kafelərin stollarını çıxararaq yolda quraşdırıblar. Evimizə keçib gedə bilmirik. Xüsusən də, qadınlar çox əziyyət çəkirlər. Küçədən qadınlar keçəndə onlara sataşırlar. Gecə saat 3-4-ə qədər domino və nərd oynayırlar, sərxoş kişilərin, əxlaqsız qadınların əlindən bilmirik hara gedək. Pəncərəni açıb hava almaq, küçədən uşaqla keçmək mümkün deyil. Bakıda nə qədər əxlaqsız, avara adam var, evimizin qabağına yığışıb...”
Şikayətçi deyir ki, bina sakinləri dəfələrlə “102” qaynar xəttinə zəng edib, Nəsimi rayon polis idarəsinə ərizə ilə müraciət etsələr də, faydası olmayıb. Kafe sahibləri isə sentyabr ayının 11-dək icra hakimiyyətinə icarə haqqı ödədiklərini və buna görə də, fəaliyyətlərini davam etdirəcəklərini deyirlər.
“Polis idarəsi müraciətimizi 19-cu polis bölməsinə yönləndirib. Onlar da yəqin ki, sahə müvəkkilinə tapşıracaqlar. Axı sahə müvəkkili onlara nə etsin, uzağı fahişəliklə məşğul olma və ya səs-küyə görə həmin şəxsləri 30-40 manat cərimələyəcək. Amma yenə öz işlərini davam edəcəklər. Əgər bizim problemimizə çarə tapmasalar, biz yığışıb Prezident Aparatına gedəcəyik”, - deyə K.Qasımov bildirir.
Şikayətlə bağlı Nəsimi rayon 19-cu polis bölməsi ilə əlaqə saxladıq. Bölmədən daxil olan müraciətin araşdırıldığını və qanun çərçivəsində tədbir görüləcəyini dedilər.
Mənbə:> Virtualaz.org