Bakıda “vor zakon” Toma yaşadıqları evi sakinlərin başına uçurur » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Kriminal

Bakıda “vor zakon” Toma yaşadıqları evi sakinlərin başına uçurur

Bakıda “vor zakon” Toma yaşadıqları evi sakinlərin başına uçurur


Bakının Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi, 141 ünvanında yerləşən binada yaşayan sakinlərin evi dağıdılıb. Hazırda 6 ailə yarıuçulmuş evdən salamat qalan əşyalarını çıxarmaqla məşğuldur. Şikayətçilərin sözlərinə görə, bir neçə ay öncə "F.F MTK" adlı şirkət bina tikintisi üçün bünövrə qazan zaman qəsdən bu binanın özülünü dağıdıb.

Elə o vaxtdan da iki mərtəbəli bina çökməyə başlayıb. Ötən gün yağan yağışdan sonra isə binanın bir hissəsi uçaraq qəzalı vəziyyətə düşüb. Hətta dağılan binadan qopan daş 3 yaşlı uşağın başına düşərək onu zədələyib.

AzNews.info-nun virtualaz.org-a istinadən verdiyi məlumata görə, şikayətçi Mehriban Yusifovanın sözlərinə görə, uşaq bütün günü ağrıdan ağlayıb: "Bina uçulub, körpə uşağımızın başına daş düşüb. Bütün günü ağlayıb ki, ana, başım ağrıyır, gözüm ağrıyır. Uşaqdır da, başa düşmür, elə ağlaya-ağlaya da oynayır. Bizim günümüz budur..."

Birinci mərtəbədə yaşayan Fəridə Hacıyeva deyir ki, bu bina köhnə olsa da, özülü möhkəm idi, əgər bünövrəsini qazmasaydılar, öz-özünə uçulmazdı.

"Bu binanı 1896-ci ildə mənim babam Hacı Tağı Ələsgərov tikdirib. Sonra Sovet hakimiyyəti qurulandan sonra bu həyətin yarısını hökumətə təhvil vermişdi. Köhnə bina olsa da, özülü çox möhkəm idi. Buranın özülünü qaza-qaza dağıtdılar. Mən hər gecə 4-5 dəfə çıxıb yalvarırdım ki, qazmayın. Bax, indi qalmışıq küçədə... Deyirlər 1500 manat kompensasiya verəcəklər. Mənim qızım yuxarıdakı mərtəbədə yaşayır, özümün birinci mərtəbədə ayrıca evim var. Bu pul da bizi qane eləmir. Çünki mənim qızımla özümün evimin sahəsi 124 kv. metrdir. Həmin kompensasiya ilə biz necə iki mənzil ala bilərik?", - deyə şikayətçi sual verir.

Sakinlər deyirlər ki, hələlik buradan yalnız bir ailəyə kirayə pulu verib köçürüblər. Hələ ki, şirkət nümayəndələrindən sakinlərin qarşısına çıxan, rəsmi müqavilə təklif edən yoxdur. Kvadrat metrə görə təklif olunan 1500 manat kompensasiyanı da ağızdan-ağıza eşidiblər.

Şikayətçi Ramin Yusifovun sözlərinə görə, hara köçəcəklərini heç özləri də bilmirlər. Onlara nə kirayə, nə də kompensasiya pulu verən var: "Bu şirkət fırıldaqçılıqla məşğuldur. Özül bir neçə aydır qazılıb. Xırda-xırda qazırlar ki, bina uçulsun, bilən olmasın. Altını qazdılar, bina gəldi yerə. Mənim qardaşımın uşağı da xəsarət alıb. Hələ heç nə deməyiblər, nə kirayə pulu verirlər, nə də kompensasiyadan danışan var".

Sakinlər deyirlər ki, hələ indiyə qədər MTK-dan heç bir rəsmi şəxsi görməyiblər. Yalnız "Toma" ləqəbli Tamilla adlı qadın buralarda görünür. Həbsxanadan çıxmış və "makler"liklə məşğul olan bu qadın özünü "vor zakon" kimi aparır. Şikayətçilərin sözlərinə görə, erməni əsilli olduğu deyilən bu qadının kimə arxalandığı bəlli deyil.

Evi dağıdılan İradə Hacıyevanın sözlərinə görə, dəfələrlə Nəsimi Rayon İcra Hakimiyyətinə şikayət etsələr də, onları dinləyən, problemlərinə əlac edən olmayıb. Dəfələrlə "102" xidmətinə, FHN-ə, prokurorluğa zəng edərək şikayət ediblər. Artıq mənzillərdə nə qaz, nə su, nə də işıq var.

Bu dağıntıdan sonra digər həyətdəki qonşular da səksəkədə yaşayırlar. Qonşu həyətdə yaşayan Nəcəf Məmmədov deyir ki, bütün gecə boyu tikinti şirkətinin əməkdaşları həyətə girərək onları evlərindən çıxmaqla hədələyiblər: "Biz gecəni yatmamışıq, gecə neçə dəfə gəlib həyətdə qışqırıblar ki, çıxın, buranı sökürük. Deyirlər, sizə birinci aya görə 500 manat veririk, kirayə çıxın, sonra şirkətlə müqavilə bağlayarsınız. Bunlar cinayətkardırlar, onlara qarşı tədbir görülməlidir. Bu həyətdə 11 ailə yaşayır, arada gəzənlər vəziyyətdən istifadə edib onları köçürmək istəyirlər. Əslində, bizim bina qəzalı vəziyyətdə deyil. Elə sakin var evi 24 kvadrat metrdir, eləsi var 28 kvadrat metrdir. Hər ailədə də azı 4 ailə üzvü var, biz hara köçək", - deyə şikayətçi qeyd edir.

Sakinlərdən öyrəndik ki, hətta qonşuluqda binanın özülünü qazan ekskavatorçuya bünövrəni dağıtmaq üçün 100 manat veriblər.

"Ekskavatorçu bizə danışırdı ki, bünövrə qazan zaman bizim binanın özülünün sıradan çıxacağını görüb. Qazmanı dayandırıb və tikinti şirkətinə etiraz edib. Amma həmin o "vor zakon Toma" çıxarıb ona 100 manat verib ki, qaz", - deyə sakinlər bildirirlər.

Bakı Şəhər İcra Hakimiyyətinin nəzarət şöbəsinin rəisi Zülfəli İsmayılov da dağıntı baş verən ərazidə olduğundan, suallarımızı ona da ünvanladıq. Lakin BŞİH rəsmisi bütün evi dağılanlara kompensasiya veriləcəyini bildirsə də, onun məbləğini açıqlamadı: "Sakinlərin hamısına kompensasiya verib köçürəcəklər. Ev istəyənə ev veriləcək, kompensasiya istəyənə kompensasiya veriləcək və onun məbləği hər kvadrat metrə uyğun olaraq hesablanacaq".

Sakinlərin kompensasiya ilə bağlı narazılığına isə Zülfəli müəllimin reaksiyası belə oldu: "Bəs köçürməsəydilər, nə olacaqdı?"

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *