Şəhidlərin vərəsələrinə ödənişlə bağlı qaydalar hazırlanıb
Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” aprelin 19-da imzaladığı fərmanın icrası ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində yaradılmış Komissiyanın növbəti iclası keçirilib.
Nazirliyin mətbuat xidmətindən virtualaz.org-a verilən məlumata görə, Komissiyanın sədri, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bildirib ki, Komissiya fərmanda nəzərdə tutulan, yəni 1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların vərəsələrinə birdəfəlik ödəmələrin verilməsi mexanizmini müəyyən edən Qaydaların layihəsi üzərində işi artıq yekunlaşdırır.
Nazir bildirib ki, vərəsələrin müvafiq sənədin alınması üçün notariat orqanlarına müraciət etmələri barədə KİV vasitəsilə geniş məlumatlandırmanın aparılması təmin ediləcək.
S.Babayev şəffaflığın tam təmin edilməsi üçün qeyd olunan prosesin elektron infrastruktur üzərində aparılacağını qeyd edib.
Nazir vurğulayıb ki, notariat orqanları tərəfindən vərəsəliyi müəyyən edilmiş şəxslər, onlara dair şəhadətnamələr, digər müvafiq sənədlər dərhal Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş İnformasiya Sisteminə ötürüləcək.
Birdəfəlik ödəmə ilə təmin olunacaq şəxslərin elektron qaydada növbəlilik siyahısı müəyyən edilərək nazirliyin rəsmi saytında yerləşdiriləcək və onların hər birinə bu barədə, yəni birdəfəlik ödəmələrlə təmin edilmələri üçün növbəyə götürüldükləri barədə bildiriş qəbzi göndəriləcək.
Bu prosesin cari ilin ikinci yarısında başa çatacağını qeyd edən S.Babayev həmin vaxtdan sonra, təqribən cari ilin son rübündən növbəlilik qaydasında birdəfəlik ödənişlərin həyata keçiriləcəyini bildirib.
Mənbə:> Virtualaz.org