İlham Əliyevin andiçmədən sonra ilk fərmanı: minlərlə şəhid ailəsi nəhayət təzminat alacaq
Bu gün aprelin 19-da prezident İlham Əliyev “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Fərman imzalayıb.
Həmin sənəd İlham Əliyevin yenidən Azərbaycan prezidenti seçildikdən və and için səlahiyyətlərinin icrasına başlamasından sonra imzaladığı ilk fərman olmaqla, prezidentin ölkənin ərazi bütövlüyü uğrunda həlak olmuş şəxslərə yüksək ehtiramının daha bir nümunəsi və həlak olmuş hərbiçilərin ailə üzvlərinə qayğı göstərilməsinin onun üçün nə qədər önəmli olmasının göstəricisidir.
Məlum olduğu kimi 1990-cı illərin əvvəllərində Azərbaycanın ərazi bütövlüyü uğrunda aparılan döyüşlər zamanı həlak olan hərbi qulluqçuların dövlət tərəfindən sığortalanmasına dair məsələlər həllini tapmayıb, Silahlı Qüvvələrin şəxsi heyətinin sosial müdafiəsi üçün hüquqi baza və işlək mexanizm yaradılmayıb. Bunun nəticəsində, Qarabağ uğrunda döyüşlərdə həlak olmuş və itkin düşmüş hərbi qulluqçuların ailə üzvləri, eyni zamanda ağır xəsarət almış hərbi qulluqçular sığorta təminatı ilə əhatə olunmamışdı.
Ümumumilli lider Heydər Əliyevin yenidən ölkə rəhbərliyinə gəlməsindən sonra Azərbaycanda ordu quruculuğu sahəsində fundamental işlər görülüb, mövcud problemlər kompleks şəkildə həll edilməyə başlanb və qanunvericilik bazası formalaşdırılıb.
Belə ki, 1997-ci ildə “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun qəbul edilməsi ilə hərbi qulluqçuların həlak olması, itkin düşməsi və ya xəsarət alması zamanı sığorta ödənişlərinin verilməsinə dair hüquqi tənzimləmə yeni müstəviyə daxil olub. Həmin dövrdən etibarən qanuna uyğun olaraq on minlərlə hərbi qulluqçuya sığorta ödənişinin verilməsi təmin edilib.
Lakin 1997-ci ilədək həm hüquqi tənzimləmənin mövcud olmaması səbəbindən, həm də tələb olunacaq maliyyə vəsaitlərinin həcmi baxımından həmin tarixədək həlak olan hərbiçilərimizə müvafiq ödənişlərin verilməsi mümkün olmayıb.
Göründüyü kimi bu məsələ heç vaxt cənab Prezidentin fikrindən çıxmamışdı. Nəticədə bu gün imzalanan Fərmanla 1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların vərəsələrinə 11.000 manat məbləğində birdəfəlik ödəmənin verilməsi tapşırıldı.
Fərmana əsasən ödəmənin alınması üçün zəruri olan sənədlər minimum saydadır: ölümü haqqında şəhadətnamə və vərəsəlik hüququnu təsdiq edən sənəd. Həmçinin ödəmələr zamanı şəffaflığı təmin etmək üçün bank hesabı nömrəsinə dair arayış tələb ediləcək ki, ödəmələr nağdsız qaydada edilsin.
Vətəndaşlardan əlavə sənədlər tələb etməmək, onları arxivlərə göndərməmək üçün Fərmanda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə tapşırılır ki, aidiyyəti dövlət orqanları ilə birgə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüşlər zamanı həlak olan hərbi qulluqçuların ümumi siyahısını müəyyən etsin.
Fərmanın tam obyektiv, operativ və şəffaf qaydada icrasına birbaşa məsul olan qurum Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi müəyyən edilmişdir. Fərmanda müəyyən edilmiş prosedur məmurlar tərəfindən əlavə araşdırmaların aparılmasını, hansısa faktları qiymətləndirərək subyektiv qərarlar qəbul etməsini istisna edir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin işçiləri müraciəti əlavə edilmiş sənədlərlə birlikdə qəbul edib, sadəcə olaraq, hərbi qulluqçunun ümumi siyahıda olub-olmamasını yoxlayırlar. Hərbi qulluqçunun adı ümumi siyahıda müəyyən edilirsə, həmin şəxsin vərəsəsinə ödənişin verilməsi barədə qərar qəbul edilməlidir.
Cənab Prezidentin dəfələrlə vurğuladığı ictimai nəzarəti təmin etmək məqsədilə Fərmanda qeyd edilir ki, hərbi qulluqçunun adını, soyadını və atasının adını daxil etməklə, onun ümumi siyahıda olub-olmamasını yoxlamağa imkan verən internet informasiya resursu yaradılmalı və fəaliyyəti təmin edilməlidir. Yəni vətəndaş hərbi qulluqçunun adının Ümumi siyahıda olub-olmamasını özü müəyyən edə biləcək.
Həmçinin ödəmələrin verilməsində sui-istifadələrin qarşısını almaq üçün Fərmanda qeyd edilmişdir ki, ödəmələr müraciətlərin daxilolmasının tarixi ardıcıllığı nəzərə alınmaqla şəxslərə verilməlidir. Bunun üçün müraciətlərin vahid elektron reyestri tərtib ediləcək və vətəndaşa müraciətin daxilolma tarixini və reyestr nömrəsini əks etdirən qəbz veriləcəkdir.
Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tələb edilən maliyyə vəsaitlərinin müvafiq illərin dövlət büdcəsində nəzərdə tutulmasını və maliyyələşmənin mərhələlərlə, müraciətlərin daxilolma ardıcıllığı nəzərə alınmaqla həyata keçirilməsini təmin edəcəkdir.
Bundan əlavə, Fərmanla mövcud olan bir problemin həlli barədə də tapşırıq verilmişdir. Belə ki, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının Qanununu qüvvəyə minənədək (1997-ci il 2 avqust) həlak olmuş və ya xəsarət almış bir sıra şəxslər sığorta ödənişinin verilməsi ilə əlaqədar məhkəmələrə müraciət etmiş və müvafiq məhkəmə qərarları almışlar. Lakin bir çox belə qərarlar bu günədək icra olunmamışdır. Fərmanla Maliyyə Nazirliyinə tapşırılır ki, bütün bu cür qərarların icrası üçün maliyyələşməni təmin etsin.
İmzalanan Fərman ölkəmizin ərazi bütövlüyü uğrunda həlak olmuş şəxslərin ailələrinin sosial müdafiəsini yaxşılaşdırlmağa şərait yaradacaq, dövlətin öz əsgərinə verdiyi önəmi bir daha təsdiq edəcəkdir.
* * *10:57
Prezident İlham Əliyev “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” fərman imzalayıb.
Fərmanla 1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların vərəsələrinə bu Fərmanla müəyyənləşdirilmiş qaydada 11.000 manat məbləğində birdəfəlik ödəmə veriləcək.
Sənədə əsasən, birdəfəlik ödəmə bu fərmanda nəzərdə tutulmuş ümumi siyahıdakı hərbi qulluqçuların Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq müəyyən edilən vərəsələrinə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilir.
Birdəfəlik ödəmə bu Fərmanda nəzərdə tutulmuş şəxsin müraciəti və notariat qaydasında təsdiq olunmuş aşağıdakı sənədlər əsasında verilir:
3.1. hərbi qulluqçunun ölümü haqqında şəhadətnamə;
3.2. hərbi qulluqçunun ölmüş elan edilməsi haqqında məhkəmə qərarı;
3.3. birdəfəlik ödəməni almaq üçün müraciət etmiş şəxsin vərəsəlik hüququnu təsdiq edən sənəd;
3.4. birdəfəlik ödəməni almaq üçün müraciət etmiş şəxsin bank hesabı nömrəsinə dair arayış.
Birdəfəlik ödəmə həqiqi hərbi xidmətdə (toplanışda) olduğu zaman həlak olması, ölməsi və ya xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilməsi ilə əlaqədar əvvəllər sığorta ödənişi verilməmiş, o cümlədən barəsində sığorta ödənişinin verilməsinə dair qanuni qüvvəyə minmiş məhkəmə aktı olmayan hərbi qulluqçuların vərəsələrinə verilir.
Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti 1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ümumi siyahısını Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Ədliyyə Nazirliyi, Xüsusi Dövlət Mühafizə Xidməti, Dövlət Təhlükəsizliyi Xidməti, Dövlət Sərhəd Xidməti və digər aidiyyəti dövlət orqanları ilə birgə müəyyən etsin və üç ay müddətində Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim etsin.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tapşırılıb ki, birdəfəlik ödəmənin verilməsinə dair müraciəti bu Fərmanın 3-cü hissəsində nəzərdə tutulmuş sənədlərlə birlikdə qəbul edib, onu müraciətlərin vahid elektron reyestrinə daxil etsin və müraciətin daxilolma tarixini və reyestr nömrəsini əks etdirən qəbzi müraciət etmiş şəxsə təqdim etsin; hərbi qulluqçunun adının bu Fərmanın 5-ci hissəsində nəzərdə tutulmuş ümumi siyahıda olub-olmamasını müəyyən edib, bu Fərmanın digər tələbləri nəzərə alınmaqla, birdəfəlik ödəmənin verilməsinə və ya bundan imtina edilməsinə dair qərar qəbul etsin; birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul edilmiş şəxslər barədə məlumatları vəsaitin ayrılması məsələsinin həll edilməsi üçün, mütəmadi olaraq, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin müəyyən etdiyi formaya əsasən həmin Nazirliyə təqdim etsin; müraciətlərin daxilolma ardıcıllığına uyğun olaraq, birdəfəlik ödəmələrin nağdsız qaydada müvafiq şəxslərin bank hesabına köçürülməsini təmin etsin və bu barədə həmin şəxslərə məlumat versin; birdəfəlik ödəmə üçün müraciət etmiş və ödəniş almış şəxslər, həmçinin ödənilmiş məbləğ barədə rüblük məlumatı Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim etsin; hərbi qulluqçunun adını, soyadını və atasının adını daxil etməklə, bu Fərmanın 5-ci hissəsində nəzərdə tutulmuş ümumi siyahıda olub-olmamasını yoxlamağa imkan verən internet informasiya resursunun fəaliyyətini təmin etsin.
Maliyyə Nazirliyinə tapşırılıb ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən daxil olmuş məlumatlar əsasında müraciətlərin daxilolma ardıcıllığı nəzərə alınmaqla, birdəfəlik ödəmələrin verilməsi ilə əlaqədar maliyyələşmənin həyata keçirilməsi üçün tələb olunan vəsaitin müvafiq illərin dövlət büdcəsində nəzərdə tutulmasını və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ayrılmasını təmin etsin; bu Fərmanda nəzərdə tutulmuş tarixədək baş vermiş sığorta hadisələrinə görə “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş sığorta ödənişlərinin verilməsinə dair qanuni qüvvəyə minmiş məhkəmə aktlarının icrası məqsədi ilə maliyyələşməni təmin etsin; bu Fərmanda verilmiş tapşırıqların icrası ilə əlaqədar Azərbaycan Respublikasının Prezidentinə illik hesabat təqdim etsin.
Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Ədliyyə Nazirliyi, Xüsusi Dövlət Mühafizə Xidməti, Dövlət Təhlükəsizliyi Xidməti, Dövlət Sərhəd Xidmətinə bu Fərmanda nəzərdə tutulmuş hərbi qulluqçuların siyahısını müəyyən etmək məqsədi ilə müvafiq məlumatları iki ay müddətində Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə təqdim etmək tapşırılıb.
Ədliyyə Nazirliyinə 1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olması, ölməsi və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan olunması ilə əlaqədar sığorta ödənişinin verilməsinə dair qanuni qüvvəyə minmiş məhkəmə aktı olan hərbi qulluqçular haqqında bir ay müddətində Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə məlumat vermək tapşırılıb.
Dövlət Sığorta Kommersiya Şirkətinə 1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olması, ölməsi və ya xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilməsi ilə əlaqədar sığorta ödənişi verilmiş hərbi qulluqçular barədə bir ay müddətində Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə məlumat vermək tapşırılıb.
Mənbə:> Virtualaz.org