GƏZƏYƏN: "Nokia, Santa Klaus və..." » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Maraqlı, Dünya, Foto

GƏZƏYƏN: "Nokia, Santa Klaus və..." – FOTO

GƏZƏYƏN: "Nokia, Santa Klaus və..."


AzNews.info səyahət etməyi, gəzməyi və görməyi sevənlər üçün yeni bir layihə təqdim edir.

"Gəzəyən" adlı layihənin ilk buraxılışında bataqlıqlar və göllər ölkəsi olan Finlandiyadan bəhs edəcəyik:

“Bataqlıqlar və göllər ölkəsi, Nokia, Santa Klaus...” – Finlandiyanı nə qədər tanıyırıq. Suomi haqqında bildiklərimiz və ya bilmədiklərimiz.

GƏZƏYƏN: "Nokia, Santa Klaus və..."


Finlandiya dedikdə mütləq ağlınızda bu ölkə ilə bağlı hansısa bir mənzərə canlanır. Bu mənzərə bəziləri üçün coğrafiya dərsində şimal qütbünə yaxınlıqda yerləşən və Aslana bənzədilən Skandinaviya yarımadasının “arxa ayaqları”, bəziləri üçün vaxtı ilə alarkən həvəslə batareyasını çıxararaq “Made in Finland” yazısını axtardığımız Nokia telefonları, bəziləri üçün marallarına minib dünyanı dolanan Santa Klausun vətəni, digərləri üçün Qriqoriy Petrovun “Ağ zanbaqlar ölkəsi”, sauna və s. kimi ağlımızın bir hissəsində ilişib qalan unudulmayan həyat anlarından və ya xatirələrdən formalaşır.
Həqiqətən düşündüyümüzdə, hiss etsək də, etməsək də həyatımızın hansısa bir hissəsində bu ölkə ilə bağlı bir şeylər olduğunu görürük. Xatırlayıram, 2000-ci illərin əvvəllərində internetdə Tor Heyerdal adlı Norveçli bir alimin Vikinqlərlə Qobustan qayalıqlarındakı qaya rəsmlərinin müəllifləri arasında mədəniyyət bənzərliyi barədə məqaləsini oxumuşdum. Hətta alim araşdırmasında o qədər irəli getmişdi ki, Vikinqlərin qədim Azərbaycan torpaqlarından getdiyini iddia edirdi. Əlbəttə ki, oxuduğum zamandan etibarən Vikinqlərə və bu torpaqlara olan marağım artmışdı. Bu iddiaların doğruluğu əsaslı dəlillərlə sübut edilə bilməsə də, burda yaşadıqdan sonra Fin insanı ilə bəzi bənzər insani keyfiyyətlərimizin və Fin dilində olan bəzi oxşar türk sözləri olduğunu deyə bilərəm. Əslində tarixinə nəzər saldıqda Azərbaycanla Finlandiyanın “talelərində” bir çox bənzərliklər görmək mümkündür. Lakin bu barədə daha sonrakı yazılarda bəhs etməyi düşünürəm.
“Fincə və Azərbaycanca bənzər səslənən və eyni məna verən sözlərin bəziləri bunlardır: minä-mən, sinä-sən, minun-mənim, sinun-sənin, minua-mənə, sinua-sənə, metsä-meşə, olla-olmaq, voi-vay, arha-arpa, və s.”


GƏZƏYƏN: "Nokia, Santa Klaus və..."


Oxşarlıqlar demişkən, yazmağa başladığım bu məqalədə ötən il müstəqilliyinin 100 yaşını qeyd etmiş Finlandiya və burdakı həyat barədə maraqlı və fərqli mövzulardan bəhs etmək istəyirəm. Məqsədim bu ölkə barədə mətbuatda oxuduğum bəzi yanlış məlumatlara aydınlıq gətirmək, burada həyatın müxtəlif sahələrində əldə edilmiş təcrübələr barədə məlumat vermək, bəlkə də yaxşı təcrübələrdən yararlanmaq üçün vəsilə olmaqdır. Yeri gəlmişkən, növbəti yazılarda Finlandiyanın siyasi sistemi və iqtisadiyyatı, sosial siyasəti və s. kimi mövzular barədə də yazmağı planlaşdırıram.

Coğrafiya və iqlim

Dediyim kimi, coğrafi yerləşməsi bir çoxlarımıza məlum olan Finlandiya bir şimal ölkəsidir. Əslində ölkənin adı Fin dilində Suomi kimi səslənir, bu isə bir çox mənbələrdə qeyd olunduğu kimi “Finlər ölkəsi” deyil, “bataqlıqlar ölkəsi” mənasını verir. Bu da ölkə torpaqlarının əksər, xüsusilə şərq hissələrini əhatə edən bataqlıqlarla bağlıdır. Ərazi demişkən, ölkənin ərazisi təxminən Azərbaycandan 4 dəfə böyük (338,424 km2 ) olsa da əhalisi təxminən Azərbaycan əhalisinin yarısı qədərdir. Ölkə torpaqlarının 74%-i meşələrlə örtüldüyü halda ərazinin 10%-i göllərin altındadır. Bəli, Finlandiyada sahəsi 500m2-dən böyük olan 180000-dən çox göl və təxminən bir o qədər də ada var. Ölkənin əsas məskunlaşılmış cənub və mərkəzi bölgələrində iqlim təsəvvür etdiyiniz kimi də soyuq deyil əslində. Qış fəslində xüsusilə Helsinki kimi sahil şəhərlərində temperatur çox nadir hallarda -30°C altına enir. Bu ərazilər Atlantik Okeanda olan isti cərəyanların təsirindən iqlim daha mülayimdir.

GƏZƏYƏN: "Nokia, Santa Klaus və..."


Normalda dekabrdan marta qədər qar yağdığı deyilsə də son bir neçə ildə baş verən qlobal iqlim dəyişikliyi buralara da təsirsiz ötüşməyib. Artıq qarsız həftələr normal hala çevrilib. Nə qədər qəribə səslənsə də, xüsusilə Helsinkidə bəzən adam həqiqətən qarın yağmasını arzulayır. Statistikaya inansaq cənub bölgələrdə qış fəslində 100 gün temperatur 0-ın altında olur. Şimalda, yəni Laplandiyada soyuq qış 200 gün davam edir. Bu torpaqlarda temperaturun -35,-45°C olması normal hesab edilə bilər. Yayda isə Suominin “şiddətli” istiləri iyul və avqust aylarına təsadüf edir. Əslində hansısa iyul ayında 35°C istilik olduğu deyilsə də bu hələ ki bizim üçün statistikadır.

Finlandiyada aylar üzrə temperatur göstəricisi

GƏZƏYƏN: "Nokia, Santa Klaus və..."


"Bir dəfə taksi sürücüsü mənə “Helsinkidə 3 gün yay olur, həmin günlərdə yağış olmazsa, yayı yaşaya bilirsən, yağsa şansına küs” demişdi. Yəni...hələ ki, şansıma küsürəm. Normalda 20-25°C temperatur bizim yayın ənənəsidir.”


Bir çoxumuzun adını mahnı sözlərindən öyrəndiyimiz “bəyaz gecələr” Finlandiyaya təbiətin verdiyi xüsusiliklərdəndir. İlin 6 ayında gecələr, 6 ayında isə gündüzlər uzundur. 22 iyul tarixində demək olar ki gecə olmur. Maraqlı faktlardan biri odur ki, yayda ölkənin ən şimal nöqtəsində 73 gün günəş batmır. Qışda isə 51 gün günəşə həsrət qalır həmin ərazi.
Finlandiya ümumilikdə 19 inzibati ərazi vahidliyinə bölünüb. Bunlardan ən böyüyü Laplandiya, ən kiçiyi isə Oland adalarıdır. Helsinki Uusimaa regionunda yerləşir ki, buraya Helsinkidən başqa 15 şəhər daxildir. Lakin əsasən infrastruktur baxımından Helsinki metropoliyası digərlərindən ayrılır. Helsinki, Espoo, Vanta, Kaunainen və digər ətraf şəhərləri əhatə edən Metropoliyada cəmi 1,4 milyon əhali məskunlaşıb. 2017-cı ildə Britaniyanın İqtisadi Araşdırmalar Bürosunun apardığı araşdırmaya əsasən Helsinki həyat standartlarına görə 140 şəhər arasında 9-cu sırada qərarlaşmışdır.

GƏZƏYƏN: "Nokia, Santa Klaus və..."
GƏZƏYƏN: "Nokia, Santa Klaus və..."


Finlandiyanın maraqlı sayıla biləcək regionlarından biri də az tanınan Oland adalarıdır. Arxipelaq tipli bu ərazi Finlandiyanın cənub-qərb sahilində İsveçlə Finlandiya arasında, Fin körfəzində yerləşir. Ada özü özlüyündə hökuməti, büdcəsi, parlamentinə sahib olmaqla tam avtonom bir ölkədir. Ada siyasi olaraq neytral və hərbsizləşdirilmişdir. Yəni ərazisində heç bir hərbi birləşmə yoxdur, əhalisi isə Finlandiyanın hərbi qüvvələrində xidmət etməkdən azaddır. Ölkənin avtonomluğu 1920-ci ildə BMT tərəfindən, ardıcıl olaraq 1921, 1951 və 1991-ci illərdə Finlandiya parlamenti tərəfindən tanınıb. Finlandiya Konstitusiyasında isə Oland adalarının statusu xüsusi vurğulanaraq, bu ölkənin öz Konstitusiyasına istinad verilib. Oland adalarında rəsmi ünsiyyət dili İsveç dili hesab edilir.
“Oland adaları 1995-ci ildə Finlandiya ilə birlikdə Avropa İttifaqına daxil olsa da, xüsusi imzalanmış protokollar əsasında Avropa İttifaqı üzvləri arasında mövcud olan iqtisadi qaydalar burda tətbiq edilmir. Bu səbəbdən, Tallin və Helsinkidən Stokholm istiqamətinə və geriyə üzən kruiz gəmilərində “duty free” sistemini tətbiq etmək məqsədilə bu adalarda qısa müddətli də olsa lövbər salınır.”


Ardı var...

Mənbə: AzNews.info / Eyvaz Alışov
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *