İstanbulda Azərbaycana qarşı, “Hamımız heyvanıq” aksiyası – FOTO
Türkiyənin İstanbul şəhərində bir qrup heyvan hüquqları müdafiəçilərinin təşkilatçılığı ilə Azərbaycan səfirliyinin qarşısında etiraz aksiyası keçirilib. ANS PRESS-in məlumatına görə, Azərbaycanın paytaxtı Bakıda küçə itlərinin öldürülərək yandırıldığını iddia edən qrup üzvləri səfirlik binasına doğru yürüş ediblər.
“Hamımız heyvanıq” şüarları ilə hərəkət edən aksiyaçılar yandırıldığını iddia etdikləri itlərin təmsili küllərini səfirlik binasının qarşısına töküblər. Əllərində də “Hamımız heyvanıq, yanmaqla qurtarmarıq” yazılmış plakat daşıyan etirazçılar vaxtaşırı yolda avtomobillərin hərəkətinə də maneə törədiblər.
Aksiyada Azərbaycan bayraqlarının təhqir olunması cəhdinin qarşısı alınıb. Belə ki, bəzi aksiyaçılar səfirlik binasının qarşısına tökülən təmsili it küllərinin üstünə Azərbaycan bayraqları qoymağa çalışıb. Hadisə yerində olan polislər isə bu cəhdin qarşısını alıblar.
Xatırladaq ki, martın əvvəlində Bakıda küçə itlərinin öldürülərək yandırılması barədə xəbərlər yayılmışdı.
Mənbə:> ANSPRESS