Şəmkir icra başçısının xanım müavini seçki təbliğatının qızğın çağında Dubayda istirahət edir – FOTO
Keçən ilin mayında Şəmkir icra hakimiyyətinin ictimai siyasi və hümanitar məsələlər şöbəsinin müdiri Məleykə Əlizadə öz ərizəsi ilə tutduğu vəzifədən azad edilmişdir və həmin vəzifəyə RİH-də yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın uşaqlarla iş üzrə məsləhətçi – psixoloqu Aynur Ayaz qızı Abdullayeva təyin edilmişdir.
Deyə bilərsiniz ki,bu informasiyada qeyri-adi nə var ki,biz onu qeyd edirik?!
Məsələ burasındadır ki, “Qafqaz Xəbər” qəzetinin redaksiyasına Aynur Abdullayeva haqda maraqlı məlumat və fotolar daxil olub.
Məlumatda bildirilir ki,Şəmkir icra hakimiyyətində yüksək vəzifə tutan Aynur Abdullayeva aparelin 11-də baş tutacaq prezident seçkiləri ərəfəsində Dubayda istirahət edir, sosial şəbəkədə hamam şəkillərini,digər şəkilləri paylaşır.
Məlumatı göndərən şəxs buna görə Aynur Abdullayevanı qınayır və sual verir ki, gənc məmur xanımın hamam şəkillərini paylaşması nə qədər doğrudur?”:
“Şəkildə gördüyünüz qız Şəmkir İcra Hakimiyyəti Başçısının müavini-İctimai siyasi və humanitar məsələlər şöbəsinin müdiri Aynur Abdullayevadır.
Seçki qabağı hər kəs seçkiyə hazırlaşan vaxt bu qız Dubayda istirahət edir və qaldığı oteldəki hamamın şəkillərini sosial şəbəkələrdəki səhifələrində paylaşır. Onun bu hərəkəti hörmətsizlikdir. Bu qız özünü düşünmürsə , heç olmasa oturduğu kreslosunu düşünsün, şəmkirlilərə hörmət etsin. Gənc məmur xanımın hamam şəkillərini paylaşması nə qədər doğrudur?”
Əlbəttə hər bir insanın , o cümlədən məmurun da istirahət etmək, şəkil çəkmək hüququ var, özü də bu istirahət bayrama təsadüf edirsə. Amma əsas məsələ odur ki, məmur ölkə başçısının da dediyi kimi təvazökar olmalıdır, öz əməlləri ilə vətəndaşa nümunə olmalıdır. Aynur Abdullayeva da bilməlidir onun etdikləri diqqət mərkəzindədir və buna görə də yüksək vəzifəli məmur maaşına görə belə heç də ucuz olmayan istirahətindən çəkdiyi şəkilləri yayıb bununla bir növ qürrələnmək , sadə vətəndaşları qıcıqlandırmaq elə də düzgün deyil.Bundansa Aynur Abdullayeva diqqətini Şəmkirdə vətəndaşların qayğı və problemlərini həll edilməsi istiqamətində cəmləşdirsə, onları qəbul edib şikayətlərinə qulaq assaydı daha yaxşı olardı. Həm də bu onun vəzifə borcudur. Yəni məmur yaddan çıxartmamalıdır ki, onun əsas vəzifəsi təkcə xaricdə istirahət etmək deyil…
Bundan başqa seçki ərəfəsində, çox güman ki, YAP üzvü olan Aynur Abdullayevanın təmsil elədiyi iqtidar partiyasının yanında olaraq, dövlətçiliyə xidmət etmək üçün bu həssas,vacib ərəfədə-prezident seçkilərinin keçirildiyi , onun qızğın təbliğatı getdiyi mühüm bir məqamda onun təbliğatı ilə məşğul olmaq əvəzinə Dubaya gedib oradan hamam, yemək fotolarını yaymaq məmura o qədər də yaraşmayan bir addımdır. Özü də ona icra başçısı tərəfindən böyük etimad göstərilib.Bu haqda Şəmkir icra hakimiyyətinin Facebook sosial şəbəkəsindəki rəsmi səhifəsində qeyd olunub: “Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı cənab Alimpaşa Məmmədovun müvafiq əmrinə əsasən Abdullayeva Aynur Ayaz qızı bundan sonra rayon İcra Hakimiyyəti Başçısının müavini-İctimai siyasi və humanitar məsələlər şöbəsinin müdiri vəzifəsində çalışacaq. Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədovun iştirakı ilə gənc xanım müavin Aynur Abdullayeva Aparatın kollektivinə təqdim edilib.
Təqdimat mərasimində çıxış edən Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı cənab Alimpaşa Məmmədov qeyd edib ki, Azərbaycan gənclərinin günümüzün müasir, inkişaf etmiş, yüksək intellektli aparıcı qüvvə kimi formalaşmasında, birmənalı olaraq, dövlətimizin apardığı gənclər siyasətinin mühüm rolu olmuşdur. Rayon İcra hakimiyyətinin başçısı bildirib ki, Azərbaycanda gənclər siyasətinin banisi xalqımızın ümummilli lideri Heydər Əliyevdir: “Ulu öndər Heydər Əliyevin gənclər siyasəti əsrlər boyu xalqımızın malik olduğu milli mənəvi dəyərlər əsasında, müstəqillik, dövlətçilik, azadlıq və onların qorunması uğrunda mübariz ruhlu gənc nəslin yetişdirilməsindən ibarət olub. Əlbəttə, milli dövlətçiliyin möhkəmləndirilməsi və inkişaf etdirilməsi, demokratik cəmiyyət quruculuğu, siyasi, hüquqi və iqtisadi islahatların həyata keçirilməsi ilə bağlı ulu öndərin ideyaları və irəli sürdüyü prinsiplər Azərbaycanın hazırkı və gələcək inkişaf strategiyasının əsasını təşkil edir. Aynur Abdullayeva da Şəmkirin fəal gənclərindən biridir. Bu gün hər birimiz ona böyük etimad göstəririk və inanırıq ki, gənc xanım ona olan etimadları layiqincə doğruldacaq.”
Şəmkir Rayon İcra Hakimiyyətinin rəhbər heyəti Aynur Abdullayevaya yeni işində uğurlar arzuladılar.
Qeyd etdilər ki, son illərdə Şəmkirdə yeni təyinatlar, xüsusilə də gənc kadrların vəzifəyə təyin edilməsi geniş vüsət almış və onlar da etimadı layiqincə doğrultmuşlar.
Şəmkir Rayon Təhsil Şöbəsinin müdiri Məcid Şıxlinski, Şəmkir Mərkəzi Xəstəxanasının baş həkimi Ayaz İbrahimov, Şəmkir Regional Mədəniyyət və Turizm idarəsinin rəisi Höccət Əsədullayev də Aynur Abdullayevaya yeni işində uğurlar arzulayıblar.
Aynur Abdullayeva da çıxışında ona göstərilən etimada görə rayon rəhbərliyinə təşəkkürünü bildirib, vəzifəsinin öhdəsindən layiqincə gəlmək üçün əlindən gələni əsirgəməyəcəyinə söz verib”.
Görünür Aynur Abdullayeva ona göstərilən etimadı doğrultmağı, vəzifəsinin öhdəsindən layiqincə gəlmək üçün əlindən gələni əsirgəməməyi Dubayda istirahət etməkdə görür…
Yeri gəlmişkən,onu da deyək ki,bir neçə gün bundan qabaq İctimai Televiziyada 11 aprel Prezident seçkilərində iştirak edən namizədlərin ikinci debatı zamanı prezidentliyə namizəd, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev məmurları sərt tənqid etmişdir və bildirmişdir ki,rayon icra başçıları bir yana qalsın, müavinləri adamları qəbul etmirlər, məmurlar dövlətin təəsübünü çəkmək əvəzinə keflə məşğuldurlar, xaricdə əylənirlər…
Görəsən bu sözləri deyərkən Hafiz Hacıyev hansı müavinləri nəzərdə tutur?!…
Bəlkə Aynur Abdullayeva da o siyahıya daxildir?!…
Mənbə:> NUH