Hitler haqqında şok iddia yeni faşistləri qəzəbləndirdi
Adolf Hitlerin narkoman olduğunu isbat edən "Hitler: Gizli narkoman" filmi səs-küyə səbəb olub.
ANS PRESS-in məlumatına görə, britaniyalı kinomatoqrafların ABŞ hərbi arxivindən əldə etdikləri məxfi sənədlər əsasında çəkdikləri film ilk dəfə keçən ilin oktyabrında "Channel 4" telekanalında yayımlanmışdı.
Faşizm ideologiyasını dəstəkləyən və II Dünya Müharibəsindən sonra neofaşizm şəklində yenidən dirçəlməyə başlayan təşkilatın üzvləri filmə etiraz ediblər. Onlar ABŞ Xüsusi Xidmət Orqanlarının faşist liderini ölümündən sonra da nüfuzdan salmaq cəhdi kimi dəyərləndirib.
Filmdə iddia edilir ki, dünyanı işğal etməyi qarşısına məqsəd qoyan faşist Almaniyasının lideri narkotiklərdən, ilk növbədə, metamfetamin və psixotrop preparatlardan güclü asılılıq vəziyyətində olub. Amerika xüsusi xidmət orqanıları əməkdaşlarının onun şəxsi həkimi Teodor Morel ilə söhbəti əsasında hazırlanan Hitlerin fiziki vəziyyəti haqqında tibbi hesabatdan məlum olur ki, fürer 74 növ dərman preparatlarından, o cümlədən narkotik maddələrdən istifadə edirmiş. Belə ki, 1943-cü il Mussalini ilə görüşdə 2 saat fasiləsiz emosional yüksəlişlə çıxış etmək üçün Hitler metamfetaminin müvafiq dozasını qəbul etmişdi.
Sənədli filmin yaradıcıları qeyd edirlər: “1943-cü ilin sonuna kimi Hitler psixotrop dərmanlardan tam asılı vəziyyətə düşdü və bu, onun sağlamlığının sürətlə pozulmasına gətirib çıxardı. Müharibənin son günlərində, bunkerdə olduğu günlərdə isə o, yalnız ən güclü təsirə malik dərmanlardan istifadə edirdi. Bəzən gün ərzində ona doqquz narkotik iynəsi vurulurdu".
Bu gün dirçəlməkdə olan neofaşizm kifayət qədər təhlükəlidir. O, bir sıra ölkələrdə ciddi siyasi qüvvəyə çevrilməkdədir. Fransada ultra-sağ irticaçı "Milli Cəbhə" partiyası fəaliyyət göstərir. Onun lideri Le Pen 80-ci illərdən faşizmi açıq şəkildə təbliğ edir və müasir Fransanın real siyasi liderlərindən biridir. Rusiyada da faşist ideologiyası möhkəmlənir. Bu, əsasən gənclərdən ibarət ayrı-ayrı faşist dəstə və qruplarından başqa, V.Jirinovskinin Liberal Demokrat partiyası ilə təmsil olunur. V.Jirinovski and içir ki, Hitlerin səhvlərini təkrar etməyəcəkdir və əgər hakimiyyətə gələ bilsə, Rusiya əsgərləri cənub dənizlərinin sularında çiməcəklər. Almaniyada faşistlərə F.Şonxuber, Rumıniyada G.Funar, Serbiyada Z.Raznyatoviç başçılıq edir. Avropa ölkələrində keçirilən son seçkilərdə faşistlərin populyarlığının artdığını göstərir. Almaniyada faşist yönümlü iki partiya - F.Şonxuberin rəhbərlik etdiyi Respublika partiyası və G.Freyler başda olmaqla Xalq hərəkatı partiyası seçicilərin səsinin 28%, Fransada Le Penin "Milli Cəbhə" partiyası 12,4%, İtaliyada J.F.Fininin neofaşist partiyası 11% və s. almışlar. Faşizm Latın Amerikası ölkələrində də mövqeyini möhkəmləndirir.
Mütəxəssislər faşizmin dirçəlişinin səbəblərini iqtisadi böhran, əhalinin orta təbəqələrinin həyat səviyyəsinin aşağı düşməsi, sosial təminatların zəifləməsi və buradan da hökumətlərə inamsızlığın, avtoritar, güclü rejimə isə inamın güclənməsi ilə əsaslandırırlar.
Mənbə:> ANSPRESS