Ramiz Mirzəyevin bacısı və yeznəsi öldü
Tovuz rayonunda baş verən yanğında ölən ər-arvad Pakizə Mirzəyeva və Fərman Məmmədov AFFA-nın keçmiş prezidenti Ramiz Mirzəyevin bacısı və yeznəsidir.
Axar.az-ın Tovuz müxbirinin məlumatına görə, yanğın o qədər də geniş olmayıb və evə ciddi zərər dəyməyib. Buna baxmayaraq, ər-arvad dünyasını dəyişib.
Qeyd edək ki, R.Mirzəyevin oğlu 33 yaşlı Anar Mirzəyev 9 gün öncə - 15 fevralda Sabirabadın Həşimxanlı kəndində baş verən qəzada dünyasını dəyişmişdi.
Keçən il Hacıqabulda "Toyota Land Kruzer"in ağır qəzaya düşməsi nəticəsində Ramiz Mirzəyevin qardaşı oğlu Orxan Mirzəyev vəfat edib.
Ramiz Mirzəyev Azərbaycan Respublikası Dövlət Neft Şirkəti "Azərneftyağ" istehsalat birliyinin baş direktoru, "Azərneftyağ" neft emalı zavodunun direktoru, sənaye və energetika nazirinin müavini vəzifəsində çalışıb. O, 2003-cü ildə Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının prezidenti seçilib. Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin üzvü, YAP-ın Xətai rayon təşkilatının sədri idi.
---------
11:04
Tovuz şəhərindəki yaşayış evlərinin birində yanğın baş verib.
Day.Az APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin Mərdan Musayev və Kəhriz küçələrinin kəsişməsində olub. Hadisə yerinə Tovuz Yanğından Mühafizə Hissəsinin canlı qüvvəsi və texnikası cəlb olunub. Alov söndürülüb.
Baxış zamanı mənzildə ev sahibi, 1945-ci il təvəllüdlü Məmmədov Fərman Qoca oğlu və onun həyat yoldaşı, 1950-ci il təvəllüdlü Mirzəyeva Pakizə Şəmşaq qızının meyiti aşkarlanıb. Onların tüstüdən boğularaq öldüyü bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Mənbə:> Axar.az