İmicimizə böyük zərbə » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, İdman

İmicimizə böyük zərbə

İmicimizə böyük zərbə


Azərbaycanın ali təhsil proqramlarından "Bədən tərbiyəsi" fənninin çıxarılması cəmiyyətdə "bomba effekti" yaratdı. İdman ictimaiyyəti, sadə insanlar, tələbələr təhsil nazirinin bu qərarının doğru olmadığını, əsas diqqətin buna yox, təhsildəki bir çox problemlərin həllinə yönəldilməsinin zəruriliyini bildiriblər.

ANS PRESS-in araşdırmasına görə, ekspertlər də bu qərarın gənc nəslin sağlam böyüməsi işinə mənfi təsir göstərəcəyi fikrindədirlər. Onların fikrincə, demokratik cəmiyyətdə insan şəxsiyyəti xüsusi önəm daşıyır. Məhz həm cəmiyyətin mədəniləşməsində, həm də şəxsiyyətin formalaşmasında "Bədən tərbiyəsi" fənni mühüm rol oynayır və çox əhəmiyyətlidir.

Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyasının (AHİTA) sədri Nadir Əliyev deyib ki, ali məktəblərdə "Bədən tərbiyəsi" fəninin ləğvi pis haldır və təəccüb doğurur. Dünyada hələ idman dərslərinin ləğv edildiyi elə bir dövlət yoxdur. Bunun istər Təhsil, istərsə də İdman haqqında qanunlara uyğun olub-olmaması yoxlanılmalıdır. Qərara əsasən kafedraların bu ilin mayında bağlanması nəzərdə tutulur. Təbii ki, bir idman işçisi kimi mən bunu müsbət qarşılamıram. İdman mütəxəssisi ölkədə nə qədər çox olsa yaxşıdır.

Onun sözlərinə görə, idman klublarında bölmələr açılmalıdır və universitetlərdə bağlanan bədən tərbiyəsi kafedraları burada yerləşdirilməlidir. Gələcəkdə ali məktəblərin əz şəhərciyi salınanda, orada idman infrastrukturu, bazaları yaradıldıqdan sonra bu qərarı bəlkə də vermək olardı. Xaricdə belə təcrübə var.

"Gənclik" Tələbə İdman Cəmiyyəti Azərbaycan Respublika Şurasının sədri Tofiq Xanəliyev deyib ki, təhsil nazirinin bu qərarına indiki dövrdə ehtiyac yoxdur. Mərkəzi qərərgahı Belçikada yerləşən Beynəlxalq Universitet İdmanı Federasiyasının üzvüyük. Onların xətti ilə dünya ölkələrində maraqlanmışam ki, bədən tərbiyəsi sahəsi necədir. Bəli, inkişaf etmiş ölkələrdə Boloniya sistemi mövcuddur - orada universutetlərin idman bazaları var, yəni tələbə hansı idman növü ilə məşğul olmaq istəyirsə dərsdən sonra gedib məşğul olur. Amma biz hələ Avropa ölkəsi deyilik, Boloniya siteminə keçməmişik, universitetlərdə idman bazaları, şərait yoxdur. Ölkəmizdə bəzi universiteti çıxmaq şərti ilə heç birində idman bazası, şərait yoxdur.

Onun sözlərinə görə, bizə universitert rəhbərlərindən zəng gəlir, onlar pis duruma düşüblər. Birincisi, bu, işçi ixtisarına səbəb olacaq. Kafedralar bağlandıqdan sonra hər bir universitetdə çalışan onlarla müəllim, mütəxəssis işsiz qalacaq. İkincisi, idman sektorunun inkişafı üçün pis şərait yaranacaq.

T.Xanəliyev bildirib: "Nazirlik qərarı verir bağlansın, amma gələcəkdə onun yerində hansı strukturun yaranması barədə heç bir fikir yoxdur. Ümumiyyətlə, bu ideya səhvdir. Təhsil Nazirliyində idman üzrə mütəxəssiz yoxdur, sırf idmanla məşğul olan şöbə mövcud deyil. Orada idmanı, bədən tərbiyəsini bilən mütəxəssis yoxdur ki, “Bədən tərbiyəsi” fənninin nə qədər faydalı olduğunu desin.

Şura sədri bunun iqtisadi məqsədlə edilməsi iddiaları barədə də danışıb: “İndi hər ölkədə iqtisadi, maliyə çatışmazlığı var. Nə üçün universitetlərdə onlarla mənasız fənlər var, onları bağlamır, amma "Bədən tərbiyəsi"ni bağlayırlar. Pula qənaət edirlərsə, onları bağlasınlar. İdman sağlamlıqdır və hamıya lazımdır.”

Ümumiyyətlə, MDB ölkələrində, o cümlədən Rusiyada, Belarusda, Ukraynada ali məktəblərdə idman dərsi 5 kurs keçilir, tələbələr zaçot, imtahan verirlər. Amma bizdə 2 kurs keçilir. Bizdə əvvəllər idman dərsi üzrə zaçot da, imtahan da var idi, bunu yavaş-yavaş ləğv etdilər, indidə belə qərar verildi. Sanki, bu, idman ictimaiyyətinə, aləminə düşmən baxışıdır. Müharibə şəraitində yaşayan bir ölkədə "Bədən tərbiyəsi" fənnini bağlamaq ən böyük zərbədir. Bu, indiki zamanda atılan ən böyük səhv addımdır və tələbələrin pis vərdişlərə qurşanmasına yol aça bilər.

Cəmiyyət sədrinin fikrincə, hazırda 12-ci Respublika Universiadası keçirilir. Dünyada ən böyük idman yarışı Olimpia Oyunlarıdır. Ondan sonra Ümumdünya Universiada gəlir. Olimpiada da 9-10 min idmançı iştirak edirsə, Universiada Oyunlarında 200 ölkədən 15 min mindən çox idmançı qatılır. Ötən il Kazan Universiadasında 16 min idmançı iştirak edib. Yəni bu, olimpiadadan güclü idman forumudur. Cənubi Koreyada bu il iyulun 3-14-də növbəti Universiada baş tutacaq. Buna hazırlıq mərhələsi kimi 12 idman növü üzrə Respublika Universiadası keçirirk. Şahamat, dama, cüdo üzrə yarışlar başa çatıb, bu gün güləş yarışları başlayır və bu, davam edəcək. Cəmi ölkə üzrə 83 idmançı qatılıb. Bu, 1993-cü ildə ilk dəfə olaraq ABŞ-da keçirilən Tələbələrin Ümumdünya Universiadasından bəri ən minimum göstəricidir. Halbuki ötən il Kazan Universiadaya 300 idmançı qatılıb. Bu qərardan sonra heç kim gəlməyəcək və tələbələr idmandan uzaqlaşacaqlar.

Yada salmaq yerinə düşər ki, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası, Azərbaycan Tibb Universiteti, Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Bakı 2 saylı Baza Tibb, Rabitə və Nəqliyyat kollecləri və digər təhsil müəssisələrinin komandaları indiyədək universiada, çempionat, birincilik və spartakiadalarda daha fəal iştirak edib və böyük nailiyyətlər qazanıblar.

O vurğulayıb ki, əvvəllər ali məktəblərdə idman dərsləri var idi, oradan idmançıları seçib yığırdıq, yarışlara çıxarırdıq. İndi universitet müəllimləri məlumat verirlər ki, yarışlarda iştirak üçün tələbə yoxdur. Əgər idman dərsi yoxdursa, idmançını necə üzə çıxaracağıq?! Bu, faciədir. İndi may ayına kimi vaxt veriblər, maydan sonra bütün kafedralar bağlanacaq. Beləliklə, gələn yarışlarda iştirak üçün tələbə tapmaq mümkün olmayacaq və bu, ölkənin idman imicinə böyük zərbə olacaq.

Azərbaycan 1993-dən bəri Universiadalardan 167 medal qazanıb. Keçən il Kazanda keçirilən Universiada da tələbə idmançımız 10 idman növündə iştirak edib, 4 qızıl olmaqla 16 medal qazanıblar. Yəni komanda hesabında Azərbaycan 169 ölkə arasında 15-ci yeri tutub və bir çox idman ölkələrini geridə qoyub.

Bir sözlə, xalqın rifahının və ölkənin çiçəklənməsinin rəhni olan gənc nəslin fiziki, mənəvi cəhətdən sağlam yetişməsi, ənənələr, milli dəyərlər və vətənpərvərlik ruhunda tərbiyə olunması mühüm əhəmiyyət daşıyır. Vaxtilə ümummilli lider Heydər Əliyev gənclərin idmana meylliliyini belə dəyərləndirib: "Xalqımız, millətimiz genetik xüsusiyyətlərinə görə fiziki cəhətdən sağlam insanlardan ibarət olan xalqdır, millətdir. Fiziki sağlamlıq və fizki güc mənəvi sağlamlıqla bərabər Azərbaycan xalqına, millətinə xas olan xüsusiyyətdir." Yüksək elmi biliyə, dünyagörüşə, mədəniyyətə malik müasir Azərbaycan gənci, həm də fiziki cəhətdən möhkəm və sağlam olmalıdır.

Xatırladaq ki, təhsil naziri Mikayıl Cabbarovun qərarı ilə Azərbaycanın ali təhsil proqramlarından "Bədən tərbiyəsi" fənni çıxarılıb.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *