DİN Mətbuat Xidməti: “Həqiqət Ruslan Muradovun iddia etdiyi kimi deyil...”
“Virtualaz.org” saytında ötən gün yayımlanan “Döyüb başını partlatdılar, indi də tutdurmaq istəyirlər...” başlıqlı məqalə ilə əlaqədar DİN Mətbuat Xidmətinin əməkdaşı, polis baş leytenantı Natiq Cavadov saytımıza açıqlama verib.
Natiq Cavadov bildirib ki, vətəndaş Ruslan Muradovun döyüldüyü halda Xətai RPİ tərəfindən cinayət törətməkdə əsassız ittiham edilməsindən bəhs edən məqalədə göstərilən xüsusatlar araşdırılıb.
“Müəyyən edilib ki, Ruslan Muradovun iddiaları tam əsassızdır və əsl həqiqəti əks etdirmir. O, bu əsassız iddialarını ictimailəşdirməklə, görünür, məsuliyyətdən yayınacağını düşünür. Lakin həqiqət onun iddia etdiyi kimi deyil”-Natiq Cavadov deyib.
DİN-in Mətbuat Xidməti rəsmisinin bildirdiyinə görə, ötən il martın 18-də Xətai rayonu ərazisində vətəndaşlar Ruslan Muradov, Əjdər Əliyev və Səməd Ələsgərov arasında baş vermiş münaqişə nəticəsində Əjdər Əliyev “az ağır”, Səməd Ələsgərov və Ruslan Muradov isə “yüngül” dərəcəli bədən xəsarətləri alıblar.
Fakt üzrə ötən il martın 31-də Xətai Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə cinayət işi başlanılaraq istintaqın aparılması Xətai RPİ-nin İstintaq şöbəsinə tapşırılıb.
İstintaq prosesində zəruri istintaq hərəkətləri keçirilərək hadisədə iştirak etmiş Səməd Ələsgərovun ölkə hüdudlarını tərk etməsi müəyyən edildiyindən iyulun 7-də cinayət işinin icraatı CPM-nin 53.1.1-ci maddəsinə əsasən dayandırılıb.
Baş leytenant N.Cavadov həmçinin deyib ki, həmin cinayət işi DİN-in Baş İstintaq və Təhqiqat İdarəsində, Bakı şəhər BPİ-nin İstintaq və Təhqiqat İdarəsində, eləcə də Bakı şəhər və Xətai rayon prokurorluqlarında öyərnilərək cinayət işinin icraatının dayandırılmasının qanunamüvafiq olması təsdiq edilib.
Vətəndaş S.Ələsgərov ölkəyə qayıtdıqdan sonra ifadəsi alınaraq dekabrın 19-da cinayət işi üzrə əməl CM-nin 127.2.3 və 221.2.2-ci maddələrinə tövsif edilməklə əvvəllər CM-nin 126.2.1, 126.2.4 və 221.2.1-ci maddələri ilə məhkum olunmuş Ruslan Muradov təqsirləndirilən şəxs qismində cəlb olunub və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilib, bu il yanvarın 8-də isə cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün Xətai Rayon Məhkəməsinə göndərilib.
Həmçinin, həmin iş üzrə Ruslan Muradova xəsarət yetirmiş şəxsin Əjdər Əliyev olması müəyyən edilərək sonuncunun əməlində CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin tərkibi məlum olduğundan onun barəsində qeyd olunan maddə ilə cinayət işi ayrılaraq hazırda istintaqı davam etdirilir.
Mənbə:> Virtualaz.org