Maral Tahirqızı məhkəmədən narazı qaldı
Bu gün Bakı Apellyasiya Məhkəməsində həbsdə olan müğənni Maral Tahirqızı barəsindəki hökmdən verilmiş apellyasiya şikayəti üzrə məhkəmənin növbəti iclası keçirilib.
AzNews.info xəbər verir ki, “Report”un məlumatına görə, hakim Qail Məmmədovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxs ifadə verib.
M.Tahirqızı ifadəsində özünü təqsirli hesab etmədiyini bildirib.
Sonda məhkəmənin qərarı elan edilib. Qərara əsasən, Xətai Rayon Məhkəməsinin hökmü dəyişdirilmədən saxlanılıb.
Qeyd edək ki, Gülməmmədova Maral Tahir qızı barəsində Xətai Rayon Polis İdarəsinin (RPİ) istintaq şöbəsində əvvəlcə Cinayət Məcəlləsinin 244.1-ci (Fahişəliklə məşğul olmaq üçün əxlaqsız yuvalar təşkil etmə, saxlama və ya bu məqsədlər üçün mənzil sahələri vermə) maddəsi ilə cinayət işi başlanılıb. Daha sonra müğənni barəsində başlanan cinayət işi 15 noyabr 2014-cü il tarixdə Cinayət Məcəlləsinin 244.2.1-ci (eyni əməllər təkrar törədildikdə) maddəsinə tövsif edilib. Onun barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.
Xətai Rayon Məhkəməsinin hökmü ilə M.Tahirqızı 3 il müddətinə azadlıqdan məhrum edilib. Müğənni məhkəmə zalında həbs olunub. Qərardan narazı qalan M.Tahirqızı apellyasiya şikayəti ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edib. Daha sonra o, ilkin qərardan kassasiya şikayəti verdiyi üçün məhkəmə qeyri-müəyyən vaxta qədər təxirə salınıb.
Mənbə:> Report.az