Film kimi bir həyat yaşamış İvon nənə öldü – FOTO
Bu səhər, film kimi bir həyat yaşamış İvon nənə dünyasını dəyişdi.
AzNews.info-nun məlumatına görə, bugün 90 yaşlı İmişli rayon sakini İvon Botto dünyasını dəyişib.
Qeyd edək ki, İvon Botto 1928-ci ildə Monako knyazlığında anadan olmuşdur. Fransızdır. 1945-ci ildən Azərbaycanda yaşayır. On yeddi yaşında-İkinci Dünya Müharibəsi qurtarandan sonra Fransada almanlara qarşı vuruşan azərbaycanlı bir əsgərlə ailə qurmuş, onunla birlikdə "dünyanın ən gözəl və azad ölkəsinə" -SSRİ-yə yaşamağa gəlmişdir. Sevimli ərinin ölümündən sonra bir uşaqla dul qalan gənc qadın öz vətəninə qayıtmağa çalışsa da, sovetlər ölkəsinin diktatura rejimi ona ölkədən çıxmağa icazə vermir. 1991-ci ildə- yetmiş dörd il hökmran olan kommunist rejimi dağılandan sonra düşdüyü "hörümçək toru"ndan çıxdığına sevinən İvon ümidlə yenidən öz vətəninə qayıtmağa can atır. Lakin bu dəfə ona öz doğma ölkəsinin dövlət məmurları və Fransa "demokratiyasının bürokratiyası" mane olur...
...İvon Botto öz vətəninə ancaq 2011-ci ildə - altmış altı illik ayrılıqdan sonra qayıda bilir. İvon Botto Avropa Azərbaycan Cəmiyyətinin köməkliyi ilə ölkəsinə qayıdır. Fransada əsl ulduz kimi qarşılanan bu qadının qəribə və keşməkeşli taleyi ölkə mediasında geniş şəkildə şərh olunur.
2011-ci ildə ATV kanalı tərəfindən çəkilən “Fransız qadının gündəliyi” adlı televiziya filmi İvon Bottoya həsr olunub.
TEAS Press Nəşriyyat Evi İvon Buttonun həyatı haqda kitab nəşr etdirib. Şain Sinarianın yazdığı "İvon Bottonun arzuladığı həyat" kitabında onun haqqında daha çox məlumat əldə edə bilərsiniz.
Mənbə:> AzNews.info