Rusiyalı dünya çempionunu qətlə yetirməkdə təqsirli bilinən azərbaycanlının atası həlak oldu
Xabarovsk vilayətinin sakini, Rusiyanın pauerliftinq üzrə dünya və Avropa çempionu Andrey Draçevi qətlə yetirməkdə təqsirli bilinən Anar Allahverənovun atası həlak olub.
"Ölkə.Az" xəbər verir ki, Allahverənovun atasını maşın vurub. Bu xəbəri Allahverənovlar ailəsinin vəkili Konstantin Lısenko verib.
Xabarovsk mətbuatının xəbərinə əsasən isə, Allahverənovu vəkilin ofisi yaxınlığında maşın vurub. Zərbənin gücündən mərhumun ayağı qopub. Onun 59 yaşı var idi. Bir sıra mətbuat orqanı qəzanın qəsdən törədildiyini bildirib.
Qəzanın səbəbkarı hadisə yerindən qaçmayıb. Vəkil deyib: "Hüquqlarını müdafiə etdiyim şəxsin atası avtomobil qəzasında həlak olub. O, mənim ofisimə yox, ofisimin yaxınlığındakı iş yerinə gedirmiş. Dəfn bu gün olacaq. Anar dəfndə iştirak etməyəcək".
Mənbə:> Ölkə.Az