Avropa çempionunu qətlə yetirən 24 yaşlı azərbaycanlı tutulub
Ukraynada beynəlxalq dərəcəli idman ustası, tayboks və kikboks üzrə Avropa çempionu Sergey Laşenkonu qətlə yetirməkdə şübhəli bilinən 24 yaşlı azərbaycanlı Həsənov Babək Damir oğlu saxlanılıb.
AzNews.info Report-a istinadən xəbər verir ki, o, Rusiya vətəndaşlığı almaq üçün Federal Miqrasiya Xidməti İdarəsinə sənəd aparan zaman yolda İnterpolun əməkdaşları tərəfindən yaxalanıb.
Onların məlumatına görə, Həsənov Odessada boksçunu qətlə yetirdikdən sonra Sankt-Peterburqa yollanıb.
Çempion 2015-ci ilin aprel ayında qətlə yetirilib. İstintaqın məlumatına görə, Sergey Laşenko restoranda naməlum şəxslərlə dalaşıb və nəticədə o odlu silah yarası alıb. Sergey Odessanın Yəhudi xəstəxanasına çatdırılıb. Mübahisə etdiyi şəxslər qisas almaq üçün onu təqib ediblər. Qanlı hadisə məhz xəstəxananın ərazisində baş verib. Azərbaycanlılar Sergey Laşenko və onun dostlarına atəş açıblar. Çempion yuxu arteriyasından güllə yarası alıb və keçinib, dostlarından ikisi ağır yaralanıb.
Mənbə:> Report.az