Rusiyada dünya çempionunu öldürən Anar barədə PROKURORLUQDAN GÖZLƏNİLMƏZ ADDIM – VİDEO
Rusiyanın Xabarovsk diyarının prokurorluğu pauerliftinq üzrə dünya və Avropa çempionu Andrey Draçyovu qətlə yetirən azərbaycanlı Anar Allahverənov barəsində cinayət işi üzrə ittihamnaməni təsdiq edib.
Publika.az “İnterfaks” agentliyinə istinadən xəbər verir ki, bu haqda Rusiyanın Baş prokurorluğundan bildirilib.
İttiham “xuliqanlıq niyyəti ilə qətl” maddəsi üzrə təqdim edilib. Azərbaycanlını törətdiyi cinayətə görə ömürlük azadlıqdan məhrum edilmə cəzası gözləyir.
Xatırladaq ki, bu il avqustun 20-də səhər tezdən Xabarovsk şəhərində kafelərindən birinin qarşısında Anar Allahverənov rusiyalı dünya çempionuna öldürücü zərbə endirib. Təcili yardım Draçevi xəstəxanaya çatdırsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Anar hadisədən sonra qaçıb. Federal və İnterpolun axtarışına verilən Allahverənov sentyabrın 18-də Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) Xabarovsk diyarı üzrə idarəsinə təslim olub.
Azərbaycanlının vəkili Konstantin Lısenko daha əvvəl bildirib ki, Draçevin ölümü ehtiyatsızlıqdan baş verib və bədbəxt hadisənin nəticəsi olub.
Ancaq Andrey Draçevin ailəsi və vəkili Yevgeni Şvetsov əmindir ki, qətl bədbəxt hadisə deyildi. Vəkil hadisənin iştirakçılarının video görüntülərinə istinad edir. Onun sözlərinə görə, Draçev sona qədər münaqişədən qaçmağa çalışsa da və davada özünü idmançı kimi aparsa da, Allahverənov əksinə, aydın məqsədi olan şəxs kimi davranırdı və Draçevin ölümünə gətirin çıxaracaq zərbələr endirirdi.
Bundan başqa, Şvetsovun sözlərinə görə, Anar Allahverənov mütəşəkkil cinayətkar qruplaşmanın tərkibinə daxil idi və Andrey Draçev qruplaşmanın tək qurbanı deyildi.
Sentyabr ayında Xabarovsk Şəhər Dumasının deputatı Smolkin Yevgenin Anar Allahverənova kömək etmək üçün Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğluna müraciət edib. Deputat Allahverənovun cəzasının yüngülləşdirilməsi üçün kömək göstərilməsini istəyib.
Rusiyalı deputatın sözlərinə görə, videoyazının köməyi ilə cəmiyyətlə şüurlu şəkildə manipulyasiya edilib. Smolkin Yevgenin bildirir ki, davanın 20 saniyəlik hissəsinin yalnız 9 saniyəsi – Anarın rəqibinə öldürücü zərbələr endirdiyi hissə dərc olunub. Deputatın fikrincə, beləliklə, Draçevin öz opponentinə zərbələr vurduğu videokadrlar cəmiyyətdən gizlədilib.
Mənbə:> Publika.az