Azərbaycanda tikinti işlərinə məhdudiyyət qoyuldu
Nazirlər Kabineti torpaq sürüşməsi təhlükəsi olan ərazilərin müəyyən edilməsi və bu ərazilərdə tikinti işlərinin aparılmasının məhdudlaşdırılmasına dair əlavə tədbirlər haqqında qərar qəbul edib. Verilən məlumata görə, Fövqəladə Hallar Nazirliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Bakı şəhərində və Abşeron yarımadasının digər ərazilərində aparılan tədqiqatlar nəticəsində, torpaq sürüşməsi təhlükəsi olan əraziləri müəyyən edən coğrafi koordinatlar əks olunan xəritələr kağız və elektron variantda təsdiq edilməlidir.
Qərara əsasən torpaq sürüşməsi təhlükəsi olan ərazilərdə, bəzi layihələr istisna olmaqla, aparılan tikinti işlərinin və tikintiyə icazələrin verilməsinin dayandırılması təmin edilməli və bu tapşırığın icrası ilə əlaqədar olaraq Fövqəladə Hallar Nazirliyi və yerli icra hakimiyyəti orqanları ildə iki dəfə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat verməlidirlər.
Eyni zamanda Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə, tikinti norma və qaydalarının təkmilləşdirilməsi məqsədilə 2015-ci ildə yeni normativ sənəd hazırlayıb Fövqəladə Hallar Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və digər əlaqədar təşkilatlarla razılaşdırmaqla qəbul edilməsi də tapşırılıb.
Qərara əsasən Ekologiya və Təbii Sərvətlər Nazirliyinə və Fövqəladə Hallar Nazirliyinə 2015-ci ilin sonunadək Abşeron yarımadasında və Azərbaycan Respublikasının digər ərazilərində aparılan tədqiqatları davam etdirmək. Eləcə də torpaq sürüşməsi təhlükəsi olan əraziləri müəyyən edən coğrafi koordinatlar əks olunan xəritələri hazırlayıb təsdiq edilməsi üçün Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etməlidirlər.
Mənbə:> ANSPRESS