Bakıda Şaxta Babalar kəskin azaldı, Yeni il personajları hara yoxa çıxdı…
Bu il Bakının Dənizkənarı Milli Parkında və digər istirahə parklarında yeni il hazırlıqları bir qədər sönük olduğu müşahidə olunur. O cümlədən Yeni il bayramının ənənəvi simvolları olan Şaxta Baba və Qar qıza da Bakı küçələrində demək olar ki, rast gəlinmir. Virtualaz.org qeyd edir ki, bayrama 3 gün qalmasına baxmayaraq, hələ də şəhərin parklarında Şaxta Baba və Qar Qız gözə dəymir.
Ənənəvi bayram hazırlıqları ilə tanış olmaq üçün Dənizkənarı Milli Parka baş çəkdik. Bayrama sayılı günlər qalsa da, bulvarda hazırlıqlar deyəsən təzə başlayıb. Əvvəllər bulvar boyu müxtəlif yerlərdə hər il 10-a yaxın yolka bəzədilsə də, bu il təkcə bulvarın mərkəzi hissəsində, “Baku Biznes Mərkəzi”nin yaxınlığında yolka quraşdırılıb. Yolkanın üzərindəki bəzək işləri isə hələ tamamlanmamışdı.
Bulvara Bakı sakinlərinin də əvvəlki kimi axışdığını görmədik. Hətta adi günlərdəki qələbəlik də yox idi. Şaxta Baba və Qar Qıza isə bulvar ərazisində ümumiyyətlə rast gəlmədik. Amma Bulvar İdarəsinin təmizlik işçiləri “Şaxta baba” geyimini xatırladan qırmızı formalarda öz işlərini görməkdə idi.
“Bu il Şaxta Babalar yoxdur, onların bulvarda dayanmalarına icazə verilməyib. Hələ ki, heç yerdə yoxdurlar. Ola bilər ki, bayram günləri yolkanın ətrafında dayansınlar, amma bizim məlumatımız yoxdur”, - deyə adını söyləmək istəməyən köşk satıcısı bildirir.
“Hörmət elə sonra çək, səhərdən siftə eləməmişik…”
Bulvarda tapa bilməsək də “İçərişəhər” metro stansiyasının yaxınlığında və Qız qalasının qarşısında Şaxta Babaya rast gəldik. Onları cizgi filmlərinin personajları müşaiyət edirdi. “İçərişəhər” stansiyasının yaxınlığında duran Şaxta Baba və “cücənin” yanında fotoqraf da dayanmışdı. Yaxınlaşanlar ya fotonu fotoqrafa çəkdirməli, ya da öz çəkdikləri fotoya görə 1 manat ödəməli idilər. Yeri gəlmişkən, Şaxta Baba virtualaz.org saytının əməkdaşı ilə də havayı şəkil çəkdirmək istəmədi: “Hörmət eləyin, sonra şəkil çəkin. Səhərdən durmuşuq, hələ siftə eləməmişik…”
“28 May” stasiyasının yaxınlığında da əsasən axşam saatlarında Yeni il personajları dayanır. Burada da Şaxta Baba ilə şəkil çəkdirmək istəyənlər 1 manat ödəniş etməlidirlər.
Amma Bakının digər parklarında hər il rast gəldiyimiz Şaxta Baba və Qar Qız cütlüyü yoxdur. Qeyd edək ki, son illər tətbiq edilən qaydalara görə paytaxtda Şaxta Baba və Qar Qız kimi fəaliyyət göstərənlər buna görə 60 manat rüsum ödəməlidirlər. ŞƏHƏRDƏ Şaxta Baba və Qar Qızların sayının kəskin azalmasının bu rüsumla nə dərəcədə bağlı olduğunu dəqiqləşdirmək mümkün olmayıb. Digər tərəfdən isə, şəhərdə keçirilən bayram tədbirlərin sayı artdığından, əyləncə mərkəzlərində yeni il şouları təşkil edildiyindən, artıq uşaqların özləri də açıq havada Şaxta Baba və Qar Qıza yaxınlaşmağa, şəkil çəkdirməyə maraq göstərmirlər.
Bakıda cəmi 5 Şaxta Baba?
Bakı Şəhər İcra Hakimiyyətinin Xidmət və Ticarət Departamentinin mətbuat xidmətinin rəhbəri Əlabbas Bağırovun virtualaz.org-a bildirdiyinə görə, bu günə qədər Şaxta Baba fəaliyyəti üçün cəmi 5 müraciət daxil olub. Onların fəaliyyətinə dekabrın 15-dən icazə verilib. Müraciət edənlər isə paytaxtın müxtəlif ərazilərində quraşdırılan yolkaların ətrafında fəaliyyət göstərmək istəklərini bildiriblər. Belə ki, Hüseyn Cavid parkındakı yolkanın qarşısında, Nərimanov parkında, 8 km qəsəbəsindəki Heydər Parkında Yeni il personajlarının olacağı məlumdur.
Mənbə:> Virtualaz.org