Bulvardakı Şaxta Baba: Qar qızıma sataşırlar – FOTO
AzNews.info Bakı Bulvarında işləyən 10 Şaxta Babadan birinin Azadlıq Radiosuna veriyi müsahibəni təqdim edir:
- Soyuğu hiss etmirəm. Əksinə, istidir mənə. Öz geyimimin üstündən bu kostyum, papaq, saç-saqqalla heç hiss etmirəm soyuğu. Amma Qar qızım üşüyür.
Bir fotonu 3 manata çəkdiririk. Ordan mənə də, Qar qıza da, fotoqrafa da pay düşür. Orta hesabla gündə 60-70 manat qazanıram.
- Şaxta babaların nə dediyi məlumdur, bəs Şaxta babaya nə deyirlər?
- Mənim nəsə deməyimə çox vaxt ehtiyac olmur. Yaxınlaşırlar, şəkil çəkdirirlər, gedirlər. Bəzən olur ki, bir uşaq düz gözümün içinə baxır, maraqla tamaşa edir, altdan-yuxarı süzür, belə maraqlanan uşaqlar olanda adını soruşuram, şeir dedirdirəm, o da qısa çəkir. Böyüklərimizdən şikayətim var. Bəziləri şit, bayağı sözlər atırlar. Özü də bunu öz uşaqlarının yanında etməkləri yaxşı düşmür. Uşaq mənim gerçək olduğuma inanmalıdır.
- Nə deyirlər?
- İstedadsız, əttökən sözlər deyirlər. Guya Qar qıza sataşırlar, mən cavab verməyəndə “Nə qeyrətli babasan” deyirlər. Bilmirəm niyə belə edirlər, nəyə nail olmaq istəyirlər ki.
Bəzən olur ki, şəkil çəkdirirlər, sonra gəlib şəkli götürmürlər. Keçən il əlimizdə 40-dan çox belə şəkil qaldı. Bu il də var. Bulvarın bu başından girirlər, bizi görüb şəkil çəkdirirlər, 10 dəqiqəyə fotoların hazır olacağını deyirik, onlar da bulvarın o başına qədər gəzib qayıdacaqlarını deyirlər.
Yəqin o başa gedənə qədər yorulurlar, qayıtmırlar. Nə həmin gün qayıdırlar, nə də başqa günlərdə.
Mənbə:> Azadlıq Radiosu