Necə ki, Ziya Məmmədovun var-dövləti əlindən alınır, Fazil Məmmədov, Eldar Mahmudovla bağlı da analoji addım atılmalıdır – FOTO
"Mən düşünürdüm ki, Fazil Məmmədov vergilər naziri vəzifəsindən həbs olunaraq çıxarılacaq. Ancaq buna az qalıb. Yaxın vaxtlarda o məsələ də həll ediləcək. Ona görə ki, Fazil Məmmədov dövlətə böyük ziyanlar vurub".
Bu fikirləri "Yeniavaz.com" saytına açıqlamasında Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev dedi.
"Fazil Məmmədov 4,5 milyarddan çox vəsaiti müəyyən yollarla Azərbaycandan xaricə çıxarıb. Onun xalqdan, dövlətdən gizlətdiyi 4,5 milyard üzə çıxmalıdır. Artıq yeri də bəllidir, kimlər vasitəsi ilə hara göndərib hamısı məlumdur. Əminəm ki, yaxın vaxtlarda istintaq qarşısında cavab verəcək. Bir o deyil, bir neçə nazirlər var. Yaxın günlərdə onların bir hissəsi də qanun qarşısında cavab verməli olacaqlar. Mən deyirəm ki, Azərbaycan dövlətini bunlar talan eləyirlər, Azərbaycan xalqının malını özlərinin malı hesab edirlər. Bunların gözü doymur. Fikirləşmirlər ki, millət nə vaxtsa bunlardan haqq-hesab tələb edəcək. Dövlət başçısının onlara qarşı bu cəzalandırma siyasəti uğurlu siyasətdir. Onlar elə düşünürlər ki, Prezident bunu bilmir. Prezident hər şeyi bilir. Bəzi məsələlərin hamısını biz dövlət başçısına çox ustalıqla çatdırırıq. O da yoxlayır və görür ki, bizdə olan məlumatlar hamısı düzdür. Sonra da tədbir görürlər. Ona görə bu gün də çalışırlar ki, qarışıqlıq yaratsınlar, Prezidentin başı qarışsın müəyyən intriqalara, mitinqlərə, piketlərə və bunlar oğurladıqları sərvətləri aparıb xaricdə gizlətsinlər. Bunların xaricdə aldıqları villalar, maşınlar hamısı bilinir. Artıq bu pulların üzə çıxarılması işinə başlamışıq və ölkə Prezidentinin yanındayıq, kömək eləyəcəyik, axıra qədər bu ölkəni talan edənlərə qarşı ciddi mübarizə aparacağıq. Darıxmayın, yaxın vaxtlarda siz belə deyək, sensasiyalı hadisələrin şahidi olacaqsınız. Həbslər gözlənilir. Onların dövlətdən oğurladıqlarının, ölkə Prezidentindən gizlətdiklərinin, yalan danışmalarının üstü açılacaq. Bu gün heç kim toxunulmaz deyil. Məmurların əksəriyyəti 1750 manat maaş alıblar. Neçə il işləyiblərsə, haradan nə qədər mükafat alıblarsa, hamısı hesablansın və milyardlıq malikanələrinin hamısı üzə çıxarılsın. Hamısı xalqa qaytarılmalıdır. Necə ki, Ziya Məmmədovun var-dövlətinin bir hissəsi əlindən alındı, Fazil Məmmədovla bağlı proses başlayıb, Eldar Mahmudovun var-dövləti ilə bağlı proses gedir və bunların hamısı bizim gözümüzün qarşısında olan hadisələrdir. Düşünürəm ki, yaxın günlərdə Azərbaycan xalqı Prezidentin daha cəsarətli addım atmasının şahidi olacaq. Biz həmişə qardaşımızın yanındayıq, onun arxasındayıq, canlı, ideoloji bir bombayıq və hara düşürüksə, oranı şil-küt edirik. Hər halda görürlər ki, Müasir Müsavat partiyasının sədri, 3 dəfə Prezidentliyə namizəd olmuş, növbəti Prezident seçkilərində iştirak edəcək şəxsin dediklərinin hamısı həyatda öz təsdiqini tapır. Əminəm ki, dövlətə, dövlət başçısına xəyanət edən, orda-burda danışan insanların hamısının axırına çıxacağıq",deyə partiya sədri bildirdi.
Hafiz Hacıyev bugünlərdə yayılan və Fazil Məmmədov olduğu deyilən səs yazısına qulaq asdığını da vurğuladı: "Mən onun səsinə qulaq asdım. Bəli, həqiqətən, Fazil Məmmədov idi. Bilir ki, var-dövlətinin siyahısı hamısı əllərdədir, ona görə də çox pis əhvali-ruhiyyədədir. Mən bunu heç kimə arzu eləməzdim".
Mənbə:> Yeniavaz.com