Prezident Xanhüseyn Kazımlının oğluna vəzifə verdi
Prezident İlham Əliyev Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun İdarə Heyətinin sədri təyin edilməsi haqqında sərəncam imzalayıb.
AzərTAC-ın məlumatına görə, sərəncama əsasən, Fəxri Xanhüseyn oğlu Kazımov Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun İdarə Heyətinin sədri təyin edilib.
Nazirlər Kabineti Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Sərəncama uyğunlaşdırılması ilə bağlı təkliflərini iki ay müddətində hazırlayıb ölkə Prezidentinə təqdim etməlidir.
Prezidentin digər sərəncamı ilə İpoteka və Kredit Zəmanət Fondunun Himayəçilik Şurası üzvlərinin təyin edilib.
Həmin şəxslər aşağıdakılardır:
Sevinc Həsənova – Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini
Emin Hüseynov – Azərbaycan Respublikası maliyyə nazirinin müavini
İdris İsayev – Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini
Vadim Xubanov – Azərbaycan Respublikası Mərkəzi Bankı sədrinin müavini
Kamil Heydərov – Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin Monetar və fiskal siyasət məsələləri sektorunun müdiri.
Xatırladaq ki, bu gün prezident İlham Əliyevin İpoteka Fondunun yaradılması barədə fərmanına dəyişiklik edilib və yeni fərmanla İpoteka və Kredit Zəmanəti Fondu yaradılıb.
Onu da qeyd edək ki, Fəxri Kazımovun atası Xanhüseyn Kazımlı iqtisad elmləri doktoru, professor, Azərbaycan Sosial Rifah Partiyasının sədri, son bir neçə çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatıdır.
Mənbə:> AzerTac