Tanınmış vəkillərdən Anar Nağılbaza dəstək
Məşhurların şəxsi həyatı ictimaiyyət tərəfindən daim maraqla qarşılanır. Sosial mediada tez-tez onların barəsində yayılan yanlış xəbərlər, videogörüntülərə rast gəlirik. Bəzi tanınmışlar bunu onlara qarşı yönəldilmiş “qara piar” adlandırır, digərləri isə bununla özünü reklam edir.
Xəbər verdiyimiz kimi, belə hadisələrdən biri məşhur reper Anar Nağılbazın da başına gəlib. Belə ki, sosial şəbəkə və saytlarda onun pornoqrafik videosu yayılıb.
AzNews.info xəbər verir ki, ifaçı mətbuat konfransı təşkil edib və həmin görüntülərin montaj işi olduğunu söyləyərək ağlamağa başlayıb.
Bəs şəxsi həyata müdaxilə cinayət məsuliyyəti yaradırmı?
Bu sualla hüquqşünas və vəkillərə müraciət etdik və mövqeyini öyrənməyə çalışdıq.
Oqtay Məhərrəmov: “Müğənni, ifaçı, hər hansı publik fiqur bu sənəti özünə seçməklə, bir növ həmin müdaxilələrə özü razılıq vermiş olur. Məşhurlar mətbuata onlar barədə yazmağı qadağan edə bilməzlər. Təbii ki, media da bu mövzuda həddini aşmamalıdır. Məsələn, məşhurun övladının fotoşəkilləri onun icazəsi olmadan yayımlana və yaxud tanınmış şəxsin intim görüntüləri onu razılığı olmadan nümayiş oluna bilməz. Bunu yayan şəxs birbaşa cinayət məsuliyyəti daşıyır. Onu tirajlayan mətbu orqan isə pornoqrafiyanı təbliğ etməklə bağlı müəyyən problemlərlə rastlaşa bilər.
Mətbuat və digər şəxslər tanınmış şəxslərə qarşı söyüş, təhqir, qadağan olunmuş video və fotoçəkilişdən istifadə edirsə, məşhur sima qarşı tərəfdən həm mülki qaydada kompensasiya tələb edə, həm də böhtan, təhqirə məruz qaldığı üçün məhkəməyə müraciət edə bilərlər. Amma burada çox incə məqamlar var. Hər bir hal ayrıca qiymətləndirilməlidir”.
Anar Ramazanov: “Şəxsi həyata müdaxilə edən fiziki şəxsin cinayət məsulliyyətinə cəlb olunması üçün Cinayət Məcəlləsinin 147 və 148-ci maddələrinin tərkibi (Təhqir və Böhtan) yaranmalıdır. Belə halların 80-90 faizində cinayət tərkibi olmur, bunlar sırf mülki məsələlərdir. Şərəf, ləyaqət, işgüzar nüfuz kimi halların qorunması ilə bağlı iddia qaldırmaq mümkündür.
Anar Nağılbazın başına gələnlərlə bağlı onu demək istəyirəm ki, ifaçının xəbəri olmadan onun şəxsi görüntülərini yayanlar Cinayət Məcəlləsində yer alan xüsusi maddələrlə məsulliyyətə cəlb oluna bilərlər.
Bəxtiyar Hacıyev: “Orada söhbət pornoqrafik süjetin yayılmasından gedir. Şəxsin həyatına bilavasitə müdaxilədir. Hər hansı şəxsdən xəbərsiz pornorqafik süjetin yayımlanması cinayət məsuliyyəti yaradır və tanınmış şəxsin nüfuzu ilə bağlı olduğu üçün məhkəməyə müraciət edə bilər”.
İlhamə Həsənova: "Həm məşhurların, həm də sadə insanların şəxsi həyatına müdaxilə cinayət məsuliyyəti yaradır. Bu kimi hallar Azərbaycan Respublikasının Konstitusiyasına əsasən, Böhtan və Təhqir maddələri ilə tənzimlənir".
Mənbə:> Oxu.Az