Azərbaycanda üç qız 13 yaşında ərə verilib
Son illər məişət münaqişəsi nəticəsində fiziki zorakılığa məruz qalan qadınların sayı artıb. Statistikaya görə, həftədə ən azı 1 qadın öldürülür və ya intihar edir. Qadınlara qarşı zorakılığın qarşısını almaq üçün noyabrın 25-dən “gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq” kampaniyasına başlanılıb, dekabrın 10-dək zorakılığın bütün formalarına qarşı təbliğat aparılacaq.
“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyi isə budəfəki kampaniyada diqqətin iqtisadi və psixoloji zorakılığa yönəldilməsini təklif edir. Təşkilatın rəhbəri Mehriban Zeynalova deyir ki, psixoloji zorakılıq fiziki zorakılıqdan daha dəhşətli və təhlükəlidir. Lakin psixoloji təzyiq əksər hallarda zorakılıq kimi qiymətləndirilmir, hüquqi cəhətdən məsuliyyət yaratmır. Psixoloji zorakılığa məruz qalan qadınlarla işləmək çətindir.
Mehriban Zeynalova
“Deyirdi ki, uşağı tikələrə ayırıb torbalara yığdılar”
“Son illər təşkilata müraciət edən qadınlar arasında ruhi sarsıntı keçirənlərə tez-tez rast gəlirik. Bir neçə qadın var ki, öz-özü ilə danışır. Onlar ətrafdakılara qarşı aqressiv olurlar, özlərinə qapanırlar”, - Zeynalova virtualaz.org-a deyib.
Həmsöhbətimizin sözlərinə görə, təşkilatın sığınacağında yerləşən qadınlardan biri dəhşətli hadisələrlə rastlaşdığını iddia edirmiş:
“Qadın deyirdi ki, atam pişiyi əzabla öldürdü, qaynımın oğlunu tikə-tikə doğrayıb basdırdı. Məlum oldu ki, atası onu daim təzyiq altında saxlayıb, təhqir edib, qorxudub. Başqa bir qadın isə heç kimə güvənmirdi, ona elə gəlirdi ki, gülüb-danışsa, həyat yoldaşı onu öldürəcək. Təəssüf ki, belə qadınlara ailələri də sahib çıxmır”.
Qadın 3 dəfə ailə həyatı qurub ki...
Hüquq müdafiəçisi əlavə edir ki, iqtisadi asılılıq da qadınları məhvə sürükləyir, çıxış yolu tapmayan qadın səhv etməyə məcbur olur. “Sığınacaqda yerləşdirilən iki qadın 3 dəfə ailə qurub. Onlar iqtisadi asılılıqdan qurtarmaq əvəzinə, daha da çətin vəziyyətə düşüblər. Ümumiyyətlə, iqtisadi asılılıq qadında dilənçi psixologiyası yaradır. Müraciət edənlər arasında maddi problemlərini həll etmək üçün təsadüfi şəxslərlə münasibət yaradıb, uşaq dünyaya gətirənlər var. İqtisadi zorakılıqla üzləşənlərin əksəriyyətində zamanı qabaqlamaq sürətilə problemlərini həll etmək istəyi yaranır”, - Zeynalova qeyd edib.
10-15 yaşlı uşaqlar zorlanıb
Təşkilata müraciət edənlər arasında zorlanan azyaşlılar da var. “Təəssüf ki, son vaxtlar ailədə, həyat yoldaşı tərəfindən zorlama hadisələrinə də rast gəlirik. Məsələn, qadın evdən qaçıb, çünki həyat yoldaşı mütəmadi olaraq onu müxtəlif alətlərlə zorlayıb. Bəzən isə zorlamaların sübutu olmur və ya gec müraciət etdiyi üçün qarşı tərəfin məsuliyyətə cəlb edilməsində əngəllər yaranır”, - Zeynalova söyləyir.
Müraciət edənlər arasında 1 nəfər 10, 2 nəfər 13, 1 nəfər isə 15 yaşlı olub. 39 nəfər erkən nikahın qurbanı olub - 3 nəfər 13, 8 nəfər 15, 17 nəfər 15, 11 nəfər isə 16 yaşında ailə qurub. 30 qadın fiziki xəsarət alıb, 4 hadisə ilə bağlı cinayət işi açılıb. Son vaxtlar sosial şəbəkələrdə təsadüfi şəxslə tanış olan qadınlar da var, kişilər bunu özlərinə xəyanət kimi qiymətləndirilər. Bu isə ailənin dağılmasına səbəb olur.
M.Zeynalova deyib ki, qadınlara qarşı zorakılıq təbliğ ediləndə bu məsələlərə həssas yanaşmaq lazımdır. Bəzən qadın ailədə kişiyə qarşı davamlı psixoloji təzyiq edir və ya zorakılığın digər formalarını həyata keçirir. Ona görə də hadisələrə birtərəfli yanaşmaq olmaz.
Qeyd edək ki, “gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq” hər il 25 noyabr- Qadınlara qarşı Zorakılıqla Beynəlxalq Mübarizə Günü ilə 10 dekabr - Beynəlxalq İnsan Hüquqları Günü tarixləri arasında keçirilən beynəlxalq kampaniyadır. Bütün dünyada tanınmış şəxslər, təşkilatlar ictimaiyyəti qadınlara və qızlara qarşı zorakılığın qarşısını almağa çağırır.
Mənbə:> virtualaz.org