İstirahət mərkəzindəki faciənin xəstəxanalıq olan qurbanlarından xəbər: Onları “tok” vurmayıb...
Ötən həftə İsmayıllı rayonunun “Green house” istirahət mərkəzində iki nəfərin cərəyan vurması nəticəsində dünyasını dəyişməsi hadisəsi geniş müzakirələrə səbəb olmuşdu. Yayılan informasiyada dünyasını dəyişən şəxsləri xilas etməyə çalışan Zaur Əliyev və Eltəkin Umarovun da “tok” vurması diaqnozu ilə xəstəxanaya yerləşdirildiyi qeyd olunmuşdu.
AzNews.info-nun məlumatına görə, qafqazinfo bu gün xəsarət alan hər iki şəxsin vəziyyəti ilə maraqlanıb və məlum olub ki, onları “tok” vurmayıb.
Səhiyyə Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı Səfayə Əhmədova bildirib ki, onlar qohumlarının ölümünü görərkən stress keçiriblər: “Eltəkin Umarova və Zaur Əliyevə heç nə olmayıb. Həyatları üçün təhlükə baş verməyib. Elə həmin gün də evlərinə gediblər”.
Qeyd edək ki, faktla bağlı İsmayıllı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
Xatırladaq ki, istirahət mərkəzində Bakı şəhər sakinləri Emil Adıgözəlov və Gülhüseyn Quliyev hovuzda çimərkən elektrik cərəyanı vurması nəticəsində dünyasını dəyişiblər.
Mənbə:> Qafqazinfo.az