Tayson Bakıya gələcək?
Bu il oktyabrın 1-dən 6-na qədər Bakıda Dünya Boksçu Şurasının (WBC) 55-ci illik konvensiyası keçiriləcək.
Oxu.Az Qazaxıstan KİV-ə istinadən xəbər verir ki, bu barədə təşkilatın prezidenti Maurisio Süleyman bildirib.
Maraqlıdır ki, bu tədbirin əvvəlcə Astanada keçirilməsi planlaşdırılmışdı. Lakin WBC rəhbərliyi konvensiyanın keçiriləcəyi yeri dəyişdirib.
Bakıya WBC-nin tərkibinə daxil olan 165 ölkənin nümayəndəsi gələcək. Təşkilatın saytında göstərilir ki, tədbirin yerinin Astanadan Bakıya dəyişdirilməsində idman və gənclər naziri Azad Rəhimovun rolu böyük olub.
Qazaxıstanda isə WBC-nin bu qərarından təəccüblənirlər. Qazaxıstan Boks Federasiyasının prezidenti Yerlan Bekxojin bildirib ki, bu qərar onun üçün anlaşılmaz sürpriz olub.
“WBC nümayəndələri şərtlərə baxmaq üçün Astanaya gəlmişdilər və hər şeydən razı qaldılar. Bizim aramızda razılaşma var idi, ancaq Maurusio hər şeydən əvvəl biznesmendir. Harada yaxşı şərt təklif etsələr, oranı seçir”.
Qazaxıstan toplantını keçirmək üçün ötən il müraciət etmişdi və konvensiyanın keçirilməsi üçün Astana dekabr ayında seçilmişdi.
Haqqın.az-ın məlumatına görə, tədbirdə Qazaxıstan dünya boksunun ulduzları Floy-Meyvezeri, Mayk Taysonu və digərlərini qarşılamağa hazırlaşırdı. İndi isə deyəsən, həmin ulduzlar Bakıya gələcəklər.
WBC – peşəkar boks dünyasında ən böyük təşkilatdır. Müxtəlif illərdə bu versiyada Mayk Tayson, Məhəmməd Əli, Lennoks Lyuis, Vitali Kliçko və digər əfsanəvi boksçular olub.
Mənbə:> Oxu.Az