İslamiada zamanı məhdudlaşdırılacaq küçələr açıqlandı
Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasının qərarı ilə IV İslam Həmrəyliyi Oyunları ilə bağlı Bakının bəzi küçələrində nəqliyyat vasitələrinin hərəkətinin məhdudlaşdırılması barədə qərar verilib.
AzNews.info xəbər verir ki, APA-nın məlumatına görə, Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev bildirib ki, mayın 5-dən 23-ə qədər Səbail rayonu ərazisində Bibiheybət şosesinin Bakı Su İdman Mərkəzindən Bibiheybət məscidinin ərazisində yolda hərəkət birtərəfli istiqamətdə təşkil edilir.
Əks istiqamətdə isə 20-ci Sahə dairəsindən keçməklə alternativ yoldan istifadə olunacaq. Eləcə də mayın 6-dan 23-dək paytaxtın Binəqədi rayonu ərazisində İ.Dadaşov küçəsi, Süleyman Sani Axundov küçəsi ilə Cəfər Xəndan küçəsi arasında olan hissəsində nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq olunacaq.
Həmin müddətdə paytaxtın Nəsimi rayonu ərazisində Süleyman Rüstəm, Xan Şuşinski və Mustafa Topçubaşov küçələrinin Hənifə Ələsgərov küçəsi ilə kəsişmələrində nəqliyyatın hərəkətləri məhdudlaşdırılacaq. Yalnız Hənifə Ələsgərov küçəsi ilə hərəkət etmək mümkün olacaq.
Digər alternativ yollar isə Səməd Vurğun küçəsi və Azadlıq prospekti olacaq, sürücülər bu yollardan istifadə edə bilərlər. Mayın 6-dan 23-dək həmin ərazidə Cəlil Məmmədquluzadə küçəsi ilə Abbas Səhhət küçəsinin kəsişdiyi ərazidə də nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.
Mənbə:> APA