Bakıda bəzi yollarda parklanmaya icazə verilməyəcək – VİDEO
Paytaxda elə yollar var ki, orada həm IV İslam Həmrəyliyi Oyunları ilə əlaqədar "Oyunlar zolağı" çəkilib, həm də parkomat var. Sürücülər belə vəziyyətdə yolda tıxacın yaranacağını deyirlər. Çünki 3 zolaqdan biri hərəkətə bağlanacaq, digərində də maşın saxlanılsa, qalır 1 hərəkət zolağı. Bəs ''Oyunlar zolağı'' olan yollarda parklanma müvvəqəti olaraq ləğv edilə bilərmi? Baş Dövlət Yol Polisi İdarəsindən məsələyə münasibət bildirilib.
Paytaxtda 3 zolaqdan birində "Oyunlar zolağı", digərində isə avtomobillərin park etməsi üçün dayanacaq var. Ancaq IV İslam Həmrəyliyi Oyunları ilə əlaqədar mayın 5-dən 25-dək Bakıda "Oyunlar zolağı"nda digər nəqliyyat vasitələrinin hərəkəti qadağan ediləcəyindən sürücülər belə yollardan istifadə etməyə məcbur olacaqlar. Məsələn, belə yollardan biri metronun "Neftçilər” stansiyasından "Əhmədli” stansiyasına qədər olan yoldur. Bu yoldakı 3 hərəkət zolağından biri oyunlar zolağıdır. Yəni nəzərdə tutulan vaxtlarda digər nəqliyyat vasitələrinin daxil olmasına qadağan ediləcək, digər zolaqda isə parkinq mövcuddur.
Sürücülərin istəyi bu cür yollarda oyunlar keçirildiyi müddətdə parklanmanın ləğv edilməsidir.
Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev "Xəzər Xəbər”ə bildirdi ki, paytaxtda "oyunlar zolağı"nın keçdiyi bütün yollarda müvvəqəti olaraq parklanmaya icazə veriləməyəcək. Bütün bunlara da yol polisləri ciddi nəzarət edəcək. Hansı ərazidə dayanma və durmanın qadağan olduğu nişanın qoyulmasına ehtiyac varsa, orada da nişan qoyulacaq.
"Oyunlar zolağı"ına yalnız xüsusi buraxılışı olan və müvafiq loqolarla işarələnmiş nəqliyyat vasitələri daxil ola bilərlər. Digər nəqliyyat vasitələri bu zolağa daxil olduğu zaman 40 manat miqdarında cərimə ediləcək.
Mənbə:> XəzərXəbər