Tikinti sahəsinə nəzarəti “ASAN Xidmət” həyata keçirəcək
Prezident İlham Əliyev "Tikinti sahəsində qeyri-rəsmi əmək münasibətlərinin qarşısının alınması ilə bağlı nəzarətin gücləndirilməsinə dair tədbirlər haqqında" fərman imzalayıb.
Sənəd tikinti sahəsində vətəndaşların əmək hüquqlarının qorunması, sosial təminatlardan yararlanmasının təmin edilməsi, əmək münasibətlərinin rəsmiləşdirilməsinə nəzarətin gücləndirilməsi və monitorinqin müasir innovasiyalardan istifadə etməklə təşkili məqsədi daşıyır.
Fərmana əsasən, ilkin mərhələdə pilot layihə olaraq Bakı şəhərində tikinti sektorunda qeyri-rəsmi əmək münasibətlərinin qarşısının alınması ilə bağlı aşağıdakı tədbirlər görüləcək:
• tikilməkdə olan çoxmənzilli yaşayış binalarının və həmin tikinti obyektlərinin inşası ilə məşğul olan fiziki və hüquqi şəxslərin elektron reyestri yaradılacaq;
• əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmiş işçilərlə bağlı məlumatların əldə edilməsi məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sistemi bu fərmanda nəzərdə tutulmuş reyestrlə inteqrasiya ediləcək;
• əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb olunan şəxslərin müəyyən edilməsi məqsədilə tikintini həyata keçirən fiziki və ya hüquqi şəxslərin vəsaiti hesabına tikinti obyektlərində real vaxt rejimində işləyən müşahidə kameraları quraşdırılacaq;
• qeyri-rəsmi əmək münasibətlərinin qarşısının alınması sahəsində monitorinqin həyata keçirilməsi və nəzarət fəaliyyətinin əlaqələndirilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Əmək Münasibətlərinin Monitorinqi Mərkəzi yaradılacaq.
Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Əmək Münasibətlərinin Monitorinqi Mərkəzi aşağıdakıları həyata keçirəcək:
• bu fərmanda nəzərdə tutulmuş elektron reyestrin aparılması;
• tikinti obyektlərində quraşdırılan kameralar vasitəsilə müşahidənin aparılması;
• işçilərin eyniləşdirilməsini həyata keçirən analitik tanıma sisteminin yaradılması və idarə edilməsi;
• Vergilər Nazirliyinin və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qeyri-rəsmi əmək münasibətlərinin qarşısının alınması sahəsində həyata keçirdikləri tədbirlərə dair hesabatlarının və zəruri olan digər materiallarının müqayisəli təhlil edilməsi;
• müşahidə kameraları, analitik tanıma sistemi və elektron reyestrlər vasitəsilə əldə edilən məlumatların və aidiyyətı orqanların hesabatlarının təhlili nəticəsində şəxslərin əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edildiyinə dair şübhələr yarandıqda, bu halların yerində araşdırılması üçün tikinti obyektlərinə səyyar monitorinq qruplarının göndərilməsi;
• aşkar edilmiş faktların sənədləşdirilməsi, inzibati məsuliyyət tədbirlərinin tətbiq edilməsi və ya təqsirkar şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi məsələsinə baxılması üçün sənədlərin aidiyyəti dövlət orqanına göndərilməsi.
Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi bu fərmanda nəzərdə tutulan tədbirlərin həyata keçirilməsini təmin edəcək, tikinti obyektlərində müşahidə kameralarının quraşdırılması yerlərinə və texniki parametrlərinə dair tələbləri müəyyən edəcək. Agentlik, həmçinin bu fərmanın icrası ilə əlaqədar görülən tədbirlər barədə mütəmadi olaraq Azərbaycan Respublikasının Prezidentinə və Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyasına hesabatlar təqdim edəcək.
Fərmanda Maliyyə Nazirliyinə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin ştat sayının azaldılması hesabına Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin işçilərinin say həddinin 50 ştat vahidi artırılması ilə bağlı tədbirlər görmək tapşırılıb.
Mənbə:> Virtualaz.org