Azərbaycanda “Wings for Life” beynəlxalq xeyriyyə qaçışı təşkil olunacaq
Bu il Azərbaycanda ilk dəfə olaraq “Wings for Life” xeyriyyə qaçışı “App Run” (tətbiq) formatında təşkil olunacaq.
Oxu.Az-a daxil olan məlumata görə, 7 may tarixində hər kəs “Wings for Life World Run”un iştirakçılarına qatıla bilər.
“Onurğa beyninin travmalarının tədqiqatlarının inkişafına öz töhfəsini vermək və dünyada milyonlarla insanın həyatlarını yaxşılığa doğru dəyişdirmək üçün birləşib qaça bilməyənlər üçün qaçaq”, – məlumatda qeyd olunur.
“Wings for Life World Run” - qaçış yarışlarının unikal növüdür. O, eyni zamanda bütün planet üzrə onlarla ölkədə eyni vaxtda başlayacaq. Hər bir iştirakçı üçün finiş müxtəlif vaxtlarda və məsafədə olacaq. Çünki finiş xətti iştirakçıların arxası ilə gəlib onları yaxalayacaq.
“Yürüşə qoşulmaq üçün ilk öncə smartfonunuza “Wings for Life World Run” tətbiqini yükləyin, qeydiyyatdan keçin və ölkəmizdəki qaçışa yazılın. Qaçış başlandıqdan 30 dəqiqə sonra start xəttindən virtual yaxalama avtomobili yola düşür. Virtual avtomobil tədricən sürətini artırır və qaçanlara çatır. Virtual yaxalama avtomobili sizə çatdığı an - sizin şəxsi finişinizdir, bundan sonra sizin üçün qaçış bitir. “Wings for Life World Run” tətbiqi “iOS” və ya “Android” üçün ödənişsiz şəkildə mövcuddur.
Qaçışa qoşulmaq ödənişsizdir, lakin biz sizi “Wings for Life” fonduna vəsait keçirib iştirak etməyə çağırırıq. İanənin 100%-i bilavasitə “Wings for Life” Fonduna onurğa beyninin həyat əhəmiyyətli tədqiqatlarını keçirmək üçün köçürüləcək”, – təşkilatçılar Oxu.Az-a bildiriblər.
Tədbir Bakıda, Dövlət Bayrağı Meydanında 7 may tarixində saat 14:30-da başlayır.
Mənbə:> Oxu.Az