Qanımızı halal etdiyimiz yeganə qaniçən – FOTO
Onun toxunuşu nəticəsində qan dövranı yaxşılaşır, toxumlar oksigenlə zənginləşir, qan təzyiqi stabilləşir, hormonal fon və maddələr mübadiləsi bərpa olunur.
Oğuz rayonunun Padar kənd sakini Fəxrəddin Mustafayev 5 ildir zəliçilik təsərrüfatı ilə məşğul olur.
AzNews.info-nun Sputnik Azərbaycan-a istinadən verdiyi məlumata görə, həyətyanı sahəsində süni şəkildə yetişdirdiyi zəliləri Oğuz və ətraf rayonlara sataraq gəlir əldə edən Fəxrəddin dayı, əslində bu işin heç bir xərc tələb etmədiyini deyir.
AMEA Zoologiya İnstitutu artıq vəhşi təbiətdən zəli ovlanmasına nəzarət olunmasını təklif edib. Daha çox Rusiyaya, Türkiyəyə, Avropa ölkələrinə satılan zəlilərə tələbat günümüzdə də kifayət qədərdir. Hirudoterapiya adlanan bu müalicə üsulu hələ qədim zamanlar da istifadə olunub. XVII əsrdən sonra zəli ilə müalicə üsulu tədricən unudulsa da, son dövrlərdə bu müalicə üsulu yenidən aktuallaşıb.
Günümüzdə zəli ilə müalicə olunan xəstəliklər, əsasən ginekoloji xəstəliklər, hipertoniya, varikoz xəstəliyi, onurğa sütunu və oynaq xəstəlikləri, sinir sistemi pozulmalarıdır. Amma hər bir müalicə sistemində olduğu kimi, burada da əməl olunması vacib qaydalar var. İlkin olaraq zəli müalicəyə hazır vəziyyətə gətirilməlidir. Qış və yaz hovuzunda yetişdirilən zəlilər sonradan xüsusi qablara — banka və balonlara yığılaraq 6 ay saxlanılır ki, bədənləri sterlizə olunsun. Bədəni təmiz olmayan zəli zəhərlənmə verə bilər.
Qiyməti 20-50 qəpik arasında dəyişən zəlilər hər kəsə satılır. Ucuz müalicə üsulu olduğundan, bu gün qanunsuz zəli alverçiləri və saxta zəli müalicəsi ilə məşğul olanların sayı artıb. Buna görə də həkim məsləhəti mütləqdir.
F. Mustafayevin sözlərinə görə, müalicə seansı zamanı zəli qana 100-ə yaxın bioloji aktiv maddə yeridir: "Bu maddələrdən ən vacib olanı hirudindir. Məhz bu maddə damarları tromblardan azad edir, trombların əmələ gəlməsini əngəlləyir, damarları təmizləyir". Hirudoterapiya immun sisteminə də çox müsbət təsir edir: "Zəli özü bioloji aktiv nöqtələri taparaq ora yapışır. Proses ağrısızdır. Çünki zəli qana həm ağrıkəsici maddə buraxır, həm də dişlək yerinin ətrafını qanın laxtalanmasına mane olan maddələrlə isladır. Müalicə nəticəsində qan dövranı yaxşılaşır, toxumlar oksigenlə zənginləşir, qan təzyiqi stabilləşir, hormonal fon və maddələr mübadiləsi bərpa olunur". Dünyada zəlinin 500-ə yaxın, Azərbaycanda isə 17 növü var. Zəlinin yalnız bir növü — tibb və ya "aptek zəlisi" tanınan növü insana faydalıdır. Amma aidiyyəti qurumlar bildirir ki, əgər zəlilərin vəhşi təbiətdən ovlanması belə davam edərsə, Azərbaycanda 5 ildən sonra tibbi müalicə üçün zəli tapılmayacaq.
Məsələ ilə bağlı artıq Ekologiya və Təbii Sərvətlər Nazirliyinə (ETSN) müraciət də olunub. Bundan başqa, artıq zəli təsərrüfatlarının yaradılması, eləcə də gələcəkdə bu sahənin genişləndirilməsi üçün müəyyən addımlar atılıb. Artıq Mingəçevir şəhərində bu istiqamətdə xüsusi təsərrüfatın yaradılması prosesinə başlanıb, həmçinin bu yöndə bir neçə toplantı və beynəlxalq səviyyəli seminar təşkil olunub.
Mənbə:> Sputnik Azərbaycan